Şahin Diniyev milli komanda iddialarına aydınlıq gətirdi

22:33 - 23 Yanvar 2019

AFFA milli komandalara baş məşqçi axtarışlarını davam etdirir.

 

Əcnəbi mütəxəssislərlə danışıqlar müsbət tamamlanmır. AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağı şərt qoyan AFFA rədd cavabı alır.

 

Komanda.az saytının iddiasına görə, xarici mütəxəssislərlə anlaşmaqda çətinliyin yaranması AFFA-nı da ciddi şəkildə narahat etməyə başlayıb. Milli komandanın hazırlığına nəzarət etmək, hansısa futbolçuları diqqətdə saxlamaq, ən vacibi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, martın 21-də Xorvatiya ilə səfər matçı üçün və ya bu oyunadək kimsə “sükan arxasında” olmalıdır. Bütün bunları nəzərə alan federasiya rəhbərliyi milli komandanı müvəqqəti olaraq AFFA Məşqçilər Komitəsinin üzvlərindən birinə, konkret, Şahin Diniyevə tapşırmaq istəyir. Diniyev əvvəllər də Azərbaycan yığmasını çalışdırıb. Federasiya rəhbərliyi Diniyevə müvəqqəti güvənərək, Məşqçilər Komitəsinin digər üzvlərinin – xüsusilə də, Vaqif Sadıqovla Ağasəlim Mircavadovun ona yardım etməsini planlaşdırır. Təbii ki, bu plan hansısa əcnəbi məşqçiylə anlaşma olmayacağı halda işə düşəcək. Yanvarın sonuna kimi əcnəbi mütəxəssislə müqavilə imzalanmasa, federasiyanın Şahin Diniyevin müvəqqəti baş məşqçiliyini açıqlayacağı gözlənilir.

 

Sportal.az-a açıqlama verən Şahin Diniyev məsələyə aydınlıq gətirib: "Elə bir şey yoxdur, olsaydı, gizlətməzdim. AFFA bu barədə mənə nə təklif göndərib, nə də məlumat verib. Belə bir söhbət yoxdur. Real olmayan şeydən nə danışaq? Təbii ki, millidə işləmək hər azərbaycanlı üçün fəxrdir. Bir daha deyirəm ki, belə bir təklif olmayıb".

 

Qeyd edək ki, 52 yaşlı mütəxəssis 2005-2007-ci illərdə millimizi çalışdırıb.

Xəbər xətti