Etibar İbrahimov: "Kəpəz"i belə vəziyyətdə atıb qaçmaq insanlıqdan olmaz" MÜSAHİBƏ

11:51 - 24 Yanvar 2019

"Kəpəz"in baş məşqçisi Etibar İbrahimov Sportal.az saytına müsahibə verib.
 

- Komanda üzvləri üç aydır ki, məvacib üzünə həsrətdir. Futbolçular maaşlarını ala bildilər?
- İnşallah, bu həftə alınar.


- Belə bir vəziyyətdə mövsümün sonuna qədər “Kəpəz”də çalışacaqsınız?
- Çətin durumda Gəncəmizi belə vəziyyətdə qoyub qaçmaq insanlıqdan olmaz. Heç məşqçi üçün də yaxşı şey deyil. Yaxşı günlərimiz də olub. Əvvəlcədən də söyləmişdim ki, bura məvacibə görə gəlməmişəm. Az da olsa, “Kəpəz”ə xeyir vermək istəyirik. Mövsümün sonuna kimi komandadan getmək doğru olmaz. Müqaviləmin sonuna kimi klubda qalacam. Ümid edirəm ki, vəziyyət düzələr.


- Dieqo Souza “Kəpəz”dən ayrılacaq? Deyilənə görə, klubun ona 20 min manat borcu var idi. Borc ödənilib?
- Souzanın bizimlə müqaviləsi mövsümün sonuna qədərdir. Aldığım məlumata görə, onun borcları qəpiyinə kimi ödənilib. Özü də bunu mənə söyləyib. Ancaq nə qədər aldığını bilmirəm, ondan soruşmağım peşəkarlıqdan uzaqdır. Digər futbolçularımız da vəziyyəti anlayışla qarşılayırlar. İnanırıq ki, vəziyyət düzələr.

 

- Əli Səmədovla Tural Rzayevi sıralarınıza qatdınız. Bunun ardı gələcək?
- Biz ancaq Gəncədən olan oyunçuları cəlb edə bilirik. Mövcud durum və maddi vəziyyət bunu tələb edir. Sözün açığı, daha iki transfer etmək istəyirik. Gənc oyunçular almaq istəyirik. Bilmirəm, maddi durum buna imkan verəcək, yoxsa yox.

 

- “Kəpəz”in ikinci dövrədə hədəfi nədir?
- I Divizionda gələn mövsüm də mübarizə aparsaq, ilk üçlüyə düşə bilərik. Futbolçular gündən-günə inkişaf edir. Bir az problemlər oldu. Təlim-məşq toplanışı ürəyimizcə deyil. Ümid edirəm ki, II dövrədə azarkeşləri sevindirərik. Bilirəm ki, azarkeşlərin, medianın diqqəti “Kəpəz”dədir. Komandamızın inkişafı Azərbaycan futboluna xeyir olacaq.

 

- “Kəpəz”in yenidən Premyer Liqaya dönəcəyi haqda iddialar var. Bu barədə sizdə məlumat var?
- Mən də belə söz-söhbətləri eşidirəm, mediadan oxuyuram. İlk olaraq, adamın ağlına “Kəpəz” gəlir. Ancaq mənə kimsə bu barədə söz deməyib. Ümid edirəm ki, belə olar. “Kəpəz”in Premyer Liqada olması futbolumuza fayda ola bilər.

Xəbər xətti