“Sumqayıt”ın daha bir futbolçusu Azərbaycan pasportu aldı KİÇİK QEYD

12:08 - 8 Fevral 2019

Bu klubun milliləşdirmə siyasəti birmənalı qarşılanmasa da, “Sumqayıt” yığma komanda üçün də bir neçə yaxşı futbolçu üzə çıxarıb. Ki, onlardan ən parlağı sayılan Bədavi Hüseynov millimizlə yanaşı, ölkənin qüruru sayılan “Qarabağ”ın uğurlarında da pay sahibi olub.

 

Rəhbərlik dəyişsə də, “Sumqayıt” strategiya dəyişkliyinə getməyib. İnsaf naminə onu deməliyik ki, indiki şərtlər altında hər bir rəhbər və hər bir məşqçi üçün “Sumqayıt”da çalışmaq asan iş deyil. Yerli futbolçu qıtlığı var, legioner gətirməyə isə icazə yoxdur. Buna rəğmən klubun prezidenti Riad Rəfiyev yaxşı komanda qura bilib. AFFA-da seleksiya sektoruna nəzarət eləyən Riad bəyin gətirdiyi Aleksey İsayev bu gün təkcə “Sumqayıt”ın yox, Premyer Liqamızın ən yaxşıları sırasındadır.

 

İstər Aleksey İsayevin, istərsə də İsraildən gələn Əli Babayevin yerli pasport almasını anlamaq olar. İsayevin milliyə cəlb olunacağı yəqin ki, heç kimdə şübhə doğurmur. Prinsipcə, Əli Babayev də yığmaya çağırıla bilər. Amma Atilla Yıldırıma vətəndaşlıq verilməsini anlamaq çətindi. Məsələ o deyil ki, Alekseylə Əliyə pasport vermək olar, Atillaya yox. Amma türk hücumçu hələ ümidləri doğrultmur və milli komandaya namizəd sayılmır. Digər tərəfdən yeni futbolçuların gəlişi ilə Atillanın oynamaq şansı daha da azalacaq. Rəqabətdə özünü doğrultsa, onunçün sonradan pasport almaq çətin məsələ olmazdı hər halda. Bu baxımdan vətəndaşlıq məsələsində tələsik qərar verməyə lüzum yoxdur. 

Xəbər xətti