Şenol Günəş milli komandada!

17:07 - 9 Fevral 2019

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş 15 il sonra Türkiyə milli komandasına qayıdıb.

 

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis mövsümün sonuna qədər həm "Beşiktaş"ı, həm də yığma komandanı çalışdıracaq. Şenol Günəşin "Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Təcrübəli mütəxəssis Türkiyə yığmasının mart ayında AÇ-2020-nin seçmə mərhələsinin oyunlarında baş məşqçi postunda olacaq.

 

Şenol Günəş daha öncə 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb. O, "ay-ulduzlular"a 2002-ci ildə dünya çempionatının bürünc mükafatını qazandırmışdı.

 

Türkiyə Futbol Federasiyası ilə müqaviləsi iyunun 30-na kimi olan Mirça Luçesku isə vəzifəsindən göndəriləcək. Türkiyə millisi 73 yaşlı mütəxəssisin rəhbərliyi altında 17 oyuna 4 qələbə qazanıb, 6 heç-heçə edib, 7 dəfə uduzub.

Xəbər xətti