Rauf Əliyev: "Belə davam etsəm, milliyə də dəvət alaram" MÜSAHİBƏ

23:57 - 9 Fevral 2019

Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qəbələ" səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin qələbə qoluna imza atan Rauf Əliyev jurnalistlərə müsahibə verib. Əliyev öncə oyunla bağlı danışıb:

 

- Gərgin oyun oldu. “Sabah” ilk hissədən etibarən 10 nəfərlə qalsa da, sona qədər mübarizə apardı. Bir az özümə də səhvlər oldu. Topu özümüzdə saxlayıb, rahat oynaya bilərdik. Əsas 3 xaldır. Tarixdə nəticə qalır. “Sabah”ı 3 xal geridə qoyduq.

 

- “Sabah” azlıqda qalsa da, layiqli mübarizə apardı. İkinci qolu vurub, niyə rahat mübarizə aparmadınız?

- Dediyinizlə razıyam. Bəli, ikinci qolu vurub, rahat oynaya bilərdik, hətta şanslarımız da oldu. Bir az rahat oynaya bilmədik. Rəqib təzyiq yaradırdı. İkinci qolu vursaydıq, ardı da gələ bilərdi. 1:0 hesabı bir az təhlükəlidir, rahat olmaq mümkün deyil.

 

- Komandanın qələbə qolunu vurdun. Fikirlərin necədir?

- Hücumçu kimi qol vurub, komandama qələbə qazandırıramsa, sevincliyəm. Belə davam edib, qollarımı sıralamaq istəyirəm. Əlimdən nə gəlirsə, “Qəbələ”yə kömək etmək istəyirəm.

 

- “Sabah”ı geridə qoydunuz, qaldı “Səbail”i qabaqlamaq.

- Qarşıda oyunlar var və maksimum xallar qazanmağa çalışacağıq. Belə davam etsək, əlbəttə, “Səbail”i də keçə bilərik.

 

- Belə davam etsən, millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin diqqətini çəkə bilərsən?

- Millidə oynamağı hamı istəyir. Ən yuxarı nöqtə yığma komandadır. Çalışacam, hər şey öz əlimdədir. Belə davam etsəm, qollar vursam, milliyə də dəvət alaram.

Xəbər xətti