U-15 Liqası: 3 oyunda 7:0!

10:53 - 11 Fevral 2019

Həftəsonu U-15 Liqasında 15-ci turun oyunları keçirildi. Oyunlardan 5-i şənbə, 2-i isə bazar günü baş tutdu. Liderlər qrupunda yer alan komandalar növbəti qələbələrini qazandılar. Autsayderlər isə darmadağınla yadda qaldılar. Maraqlıdır ki, turnir cədvəlinin son 3 pilləsində qərarlaşan komandalar eyni hesabla məğlub oldular – 0:7.

 

«Səbail» - «Neftçi» 2:6
Qollar:
Nicat Quliyev, 41, 56 -  Elcan Əbilov, 9; Oruc Məmmədov, 12, 35; Ağadadaş Salyanski, 15, 53; Ayxan Süleymanlı, 68

 

Turun açılış oyunu «Bayıl Arena»da keçirildi. Liderlər qrupunda yer alan «Neftçi»nin yaxşı heyətə malik «Səbail»lə qarşılaşmada çətinliklərlə üzləşəcəyi gözlənilsə də, qonaqlar artıq 1-ci hissədə matçın taleyini həll etdilər. Rəqib qapısından keçirilən 4 cavabsız qol onların ikinci hissəyə rahat çıxmasına səbəb oldu. Meydan sahiblərinin gücü yalnız 2 qol vurmağa çatdı. Amma bu qollar top fərqinin azalmasına təsir göstərmədi. İkinci yarıda da 2 dəfə fərqlənən «Neftçi» böyük hesablı qələbəyə sevindi.

 

«Keşlə» - «Neftçi» İK İB 4:1
Qollar:
Tural Əmirhüseynov, 40 (pen.); Qurban Səfərov, 43, 54; Kamran Məlikov, 57 – Yadigar Qarayev, 63

 

Asan görünən rəqiblə oyunda iddialı «Keşlə» əməlli-başlı çətinlik yaşadı. Birinci hissədə oyunu alınmayan Nurəddin Məmmədovun yetirmələri fasilədən sonra özlərinə gələ bildilər və qonaqları ard-arda 4 dəfə cəzalandırdılar. 40-cı dəqiqə oyunda dönüş nöqtəsi oldu. Amin Qurbanovla təkbətək çıxan Qurban Səfərov «Neftçi» İK İB-nin qapıçısı tərəfindən kobudluqla dayandırıldı və hakim qonaqların qapıçısını meydandan qovmaqla yanaşı penalti təyin etdi. Tural Əmirhüseynov Amini əvəzləyən Süleyman Mənsurovla mübarizədən qalib ayrıldı. Cəmi 3 dəqiqə sonra Qurban Səfərov hesabı 2:0-a çatdırdı. Qurban bir daha 54-cü dəqiqədə fərqləndi. Matçın qalan dəqiqələri formal xarakter daşısa da, hər halda tərəflər final fitinə kimi hərəyə 1 qol vurmaqla yekun nəticəni müəyyənləşdirdilər. 

 

Bu oyunda qonaqların heyətində Müseyib Beydiyev komandasının ən yaxşısı idi. «Keşlə»dən isə Nihat Şirinzadə və sözsüz ki, Qurban Səfərovu matçın ən yaxşısı hesab etmək olardı.

 

«Mil-Muğan» - «Qəbələ» 0:7
Qollar:
İxtiyar Məmiyev, 12; Sənan Ağalarov, 23, 34, 46; Sahil Həsənov, 25; Sərxan Mirzəzadə, 42, 54; 

 

Ev sahibi kimi «Mil-Muğan» göstərilsə də, oyun qarşılıqlı razılaşmaya əsasən Qəbələdə keçirildi və qonaq qismində meydana çıxan «Qəbələ» asan rəqibi darmadağın etdi. Hesab daha biabırçı ola bilərdi. Gəl ki Ülfət Mədətovun yetirmələri 10-dan çox real qol epizodunu boşa verdilər. Əsas da İmişli təmsilçisinin qapıçısı Saleh Məmmədli qəbələlilərin daha çox sevinməsinə imkan vermədi. Elə «Qəbələ»nin baş məşqçisi Ülfət Mədətov da rəqibin heyətində yalnız qapıçının seçildiyini söylədi. «Qəbələ»dən isə həmin gün Azər Məmmədhəsənzadə, Sahil Həsənov, Sənan Ağalarov və İxtiyar Məmiyev daha fəal idilər.

 

«Zirə» - Gəncə TİM 2:0
Qollar:
Mahmud Ağayev, 35+1, 48

 

Maraqlı oyunlardan biri Aviasiya Akademiyasının meydanında baş tutdu. Çempionatın ortabablarından olan iki komandanın qarşılaşması bol qollu olmasa da, gərgin mübarizə ilə yadda qaldı. Oyunboyu hər 2 komandanın qol vurmaq üçün yetərincə imkanları oldu. Amma sevinən bir tərəf oldu. «Zirə» hər hissədə Mahmud Ağayevlə 1 qol vuraraq çətinliklə qələbə qazandı. Gəncə TİM-nin qol vura bilməməsində «Zirə»nin qapıçısı Kamran İsmayılov və müdafiəçi Asəf Əliyevin inamlı oyununu qeyd etmək lazımdı. Elə bu 2 futbolçu ilə yanaşı «dubl» edən Mahmud Ağayevi matçın ən yaxşı futbolçuları hesab etmək olar. 

 

«Sabah» - «Zaqatala» 7:0
Qollar:
Firəddin Abdullayev, 7; Murad Fərəcov, 16, 21; Şahmar Aşurov, 20, 64; Turqut Mustafazadə, 33, 45.

 

Çempionluğa ən real namizədlərdən olan «Sabah» əyalət təmsilçisi ilə oyunda çətinlik çəkmədən növbəti 3 xalını 7 qolla qazandı. Bu oyun Namiq Allahverdiyevin yetirmələri üçün bir növ növbəti turda əsas rəqiblərdən olan «Neftçi» ilə oyun öncəsi məşq xarakteri daşıdı. Əsas döyüş isə şənbə günü olacaq. «6 xallıq oyun»da kimin qalib gələcəyini demək çətindir. Çünki hər 2 komanda çempionluğa iddialı və layiqdilər.

 

«Sumqayıt» - İsgəndər Cavadov 7:0

 

Eyni hesab 1 gün sonra baş tutan «Sumqayıt» - İsgəndər Cavadov BFa matçında qeydə alındı. Təəssüf ki, matçın protokolunu əldə edə bilmədiyimiz üçün oyun barədə genşi məlumat vermək və qol müəlliflərinin adlarını göstərmək iqtidarında deyilik.

 

«Qarabağ» - «Xilə» 3:0
Qollar:
Rəvan Əvəzov, 26, 50; Balakişi Babaşov, 70

 

Nəhayət, turun bağlanış oyunu barədə. Qış fasiləsində xeyli zəifləyən «Xilə»nin «Qarabağ» üçün hansısa problem yaradacağı inandırıcı deyildi. Belə də oldu. Rəqibi bütün komponentlərdə üstələyən «Qarabağ» qələbəni 3 qolla qazandı. Doğrudur, matç meydan saihbləri üçün asan başlamadı. Ərazi üstünlüyünə malik olan «Qarabağ» erkən qol vurmağa çalışsa da, «Xilə» buna imkan vermədi. Xəyal Həsənovun komandası yalnız 25-ci dəqiqədə istəyinə çatdı. Nəriman Axundzadədən ötürmə alan Rəvan Əvəzov qapıçı Seymur Muradovla üz-üzə qaldığı epizodda hesabı açdı. 

 

«Qarabağ»ın ikinci qolu fasilədən sonra gəldi. Elvin Abuşovun qapıya vurduğu zərbə rəqib müdafiəçidən sonra geri qayıtsa da, özünü topa hamıdan tez çatdıran Rəvan «dubl»unu rəsmiləşdirdi. Oyunda son nöqtəni isə sonradan meydana daxil olan Balakişi Babaşov qoydu. Nəriman Axundzadədən ötürmə alan Babaşov bir qədər topla irəliləyərək 18-20 metr məsafədən güclü zərbə ilə baxımlı qola imza atdı.

 

Doğrudur, bu da matçda son qol olmaya bilərdi. Amma hakimin matçın əsas vaxtına əlavə etdiyi 1-ci dəqiqədə Nərimana qarşı kobudluğa görə təyin olunan penaltidən  Fərid Quliyev istifadə edə bilmədi.

 

Komandaların ən yaxşıları… «Qarabağ»da bu ada şübhəsiz ki, Nəriman Axundzadə hamıdan çox layiq idi. Qonaqların heyətində isə kapitan Yaqub Qazıyev daha baxımlı və səhvsiz oyun sərgilədi. 

 

Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 27 qol, Şahmar Aşurov («Sabah») – 25 qol.

 

U-15 Liqasında 16-cı turun oyunları fevralın 16-17-də keçiriləcək: «Neftçi» - «Sabah», «Zaqatala» - «Keşlə», «Neftçi» İK İB – «Qarabağ», «Xilə» - «Sumqayıt», İsgəndər Cavadov BFA – «Mil-Muğan», «Qəbələ» - «Zirə», Gəncə TİM – «Səbail».

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti