Yunis Hüseynov: "Yurçeviçlə bağlı indi fikir yürütmək düz olmaz"

21:49 - 11 Fevral 2019

Xorvatiyalı Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçi postuna təyin edildi.

 

52 yaşlı mütəxəssisin təyinatı ilə bağlı son olaraq, "Kəpəz"in baş məşqçisi olan Yunis Hüseynov Sportal.az-a açıqlama verib. Təcrübəli mütəxəssis Yurçeviçin təyinatı ilə bağlı bunları deyib: 

 

“Mən onun məşqçi üslubuna bələd deyiləm. Məlumatım var ki, uzun illər Slaven Biliçin köməkçisi olub və Zaqreb “Dinamo”sunu çalışdırıb. Nəticələri elə də uğurlu olmasa da, onun təyinatı haqda nəsə deyə bilmərəm.

 

Onun oyun üslubunu görməmişəm və işiylə tanış deyilik. Hər şeyi gələcək göstərəcək. Millinin oyununa baxdıqdan sonra nəsə demək olar. Bəlkə yığma yaxşı nəticə göstərə bilər, bilmək olmaz. Həmkarlarım barədə mənfi fikir səsləndirməyi xoşlamıram. Yurçeviçin nəticələrindən çox şey asılı olacaq. Seçmə mərhələ oyunlarından sonra fikir bildirərəm.

 

Yurçeviç Biliçlə birgə çalışdığı yerlərdə uğur qazanmayıblar. Ancaq həmin komandalarda baş məşqçi Slaven Biliç olub. Baş məşqçi kimi işinə bələd deyiləm. İndi fikir yürütmək düz olmaz. Oyunlardan sonra qəti fikir bildirmək olar.


AÇ-2020-nin qrup mərhələsində Xorvatiya, Uels, Macarıstan və Slovakiya yığmalarına rəqibik. Güclü qrupda yer almışıq. İndi zəif komanda yoxdur. Bizdə futbolçu qıtlığı var. Buna görə də çətinlik olacaq. Yurçeviçin hansı oyuna üstünlük verəcəyi qrup oyunlarında məlum olacaq”.

Xəbər xətti