Elxan Abdullayev: "Yurçeviçin milliyə köməyi dəyə bilər"

10:23 - 12 Fevral 2019

Xorvatiyalı Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçi postuna təyin edildi.

 

52 yaşlı mütəxəssisin təyinatı ilə bağlı uzun müddət milli komandada məşqçi işləmiş Elxan Abdullayev Sportal.az-a açıqlama verib. 48 yaşlı mütəxəssis Yurçeviçin təyinatını müsbət qarşıladığını deyib:

 

“Mən Yurçeviçin gəlişində müsbət yanaşıram. Bu gün xorvat və serb mütəxəssislərə daha çox üstünlük verilir. Bu da onların iş üslüblarına görədir. Yurçeviç Slaven Biliçin yanında 6 il Xorvatiya yığmasında məşqçi kimi işləyib. “Vest Hem”, “Beşiktaş” və digər klublarda da məşqçi kimi fəaliyyət göstərib, təcrübəsi var.

 

Statistikaya elə də önəm vermirəm. Bir məşqçi klubda elə də uğurlu olmaya bilər. Ancaq yığmaya gələndə yaxşı nəticələr qazana bilir. Məsələn, Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Səudiyyə Ərəbistanı klubundan yığmaya gəldi və DÇ-2018-də komandaya gümüş medallar qazandırdı. Bu baxımdan Yurçeviç komandamıza nəsə verə bilər.

 

Ancaq işini görməmişdən əvvəl fikir bildirmək tezdir. Yığmanın oyunlarından sonra hansısa fikir səsləndirmək olar. Hələ federasiyanın baş məşqçinin qarşısına hansı hədəflər qoyduğu bilinmir. Ola bilsin ki, uzunmüddətli plandır.

 

Təcrübəsinə görə milliyə köməyi dəyə bilər. Yəqin ki, seçmə mərhələdə millimizin nəyə qadir olduğunu görəcəyik. Yeni gəlmiş baş məşqçi barədə fikir yürütmək çətindir”.

Xəbər xətti