AFFA "Kəpəz"ə görə icra başçısıyla razılığa gəldi, Premyer Liqa yolu açıldı, yeni baş məşqçi bilindi

22:32 - 12 Fevral 2019

AFFA «Kəpəz»i 1 illik fastlədən sonra Premyer Liqaya qaytarmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, bu barədə sportinfo.az-a məlumat federasiyadan daxil olub.

 

Bildirilir ki, Gəncə klubunun gələcək taleyi ilə bağlı qurum rəhbərliyi və şəhərin yeni icra başçısı Niyazi Bayramov arasında danışıqlar aparılıb.

 

Gəncənin birinci şəxsi «Kəpəz»in elitada çıxışı üçün öz tərəfindən lazım olan dəstəyi verəcəyini bildirib.

 

O, «Kəpəz»in şəhər üçün əhəmiyyətindən və azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdardı və əlindən gələni edəcəyini söyləyib.


Yeni fəaliyyət planına görə, klubun əsas maliyyə qaynağı SOCAR olacaq. Vəsait əvvəlkitək AFFA vasitəsilə Nizami yurdunun təmsilçisinə köçürüləcək.

 

İdarəçilik və maddi məsələlərə nəzarət federasiya tərəfindən həyata keçiriləcək. Yerli İcra Hakimiyyəti isə stadionun təmiri və saxlanılmasında, eyni zamanda, digər təşkilati problemlərin həllində yardımçı olacaq. 

 

Artıq baş məşqçi məsələsinə də böyük ölçüdə aydınlıq gətirilib.

 

AFFA «Kəpəz»ə çox doğma isimi sükan arxasına gətirməyi planlaşdırıblar. O, hazırda «Neftçi»nin əvəzedici heyətini çalışdıran Mahmud Qurbanovdu.

 

Federasiya ona ortaq dəyər gözüylə yanaşır. Qurbanovun həm «Pro» kateqoriyası var, həm də hamı tərəfindən qəbul olunur.

Xəbər xətti