Liderlər çətin sınaq qarşısında

15:23 - 15 Fevral 2019

Bu həftəsonu Azərbaycan Premyer Liqasında 17-ci tura start veriləcək.

 

Tura “Keşlə” – “Sumqayıt” dueliylə start veriləcək. Hər iki komanda mövsümün ikinci yarısına uğursuz başlayıb. Aldığı iki məğlubiyyətdən sonra turnir cədvəlində son pilləyə yuvarlanan “Keşlə” bu qarşılaşmaya geri dönüş kimi baxır. Uğursuz təqvimə görə “Qəbələ” və “Qarabağ”a məğlub olan “Sumqayıt” isə artıq toparlanmalıdır. Autsayderlərin nəfəsini hiss edən və avrokuboklara iddialı olan Ayxan Abbasovun kollektivi zirzəmiyə yuvarlanan “Keşlə”ni məğlub etməsə, iddialılardan bir qədər də geri düşə bilər. “Keşlə”də isə avrokuboklara vəsiqə qazanmaq demək olar, düyünə düşüb, Tərlan Əhmədovun kollektivi artıq Premyer Liqada qalmaq uğrunda mübarizə aparmalıdır.

 

 

Lider “Neftçi” səfərdə “Zirə”nin qonağı olacaq. Son pillədən ötən tur qurtulan “Zirə”nin iştahı daha da artıb. Mövsümün ilk yarısında “ağ-qaralar”ı bir dəfə büdrətməyi bacaran Samir Abasovun komandası meydana yenə eyni niyyətlə çıxacaq. “Neftçi” isə “Zirə”nin çətin rəqib olduğunu bilir. Roberto Bordinin komandası autsayderi məğlub etməklə yanaşı, “Qarabağ”ın “Qəbələ” qarşısında büdrəməsinə ümid edəcək. Son pillələrdə qərarlaşan komanda ilə oyunda xal itkisi “Neftçi” üçün ağır zərbə ola bilər.

 


İkinci oyun gününə Bayılda start veriləcək. “Səbail” debüt mövsümündə çempionata rəng qatan “Sabah”ı qəbul edəcək. Üçüncü pillədə olan “Səbail” “Qəbələ” və “Sabah”ın nəfəsini hiss edir. “Səbail” “Sabah”dan daha da uzaqlaşmaq və “Qəbələ” ilə xal fərqini artırmaq üçün meydana üç xal üçün çıxacaq. Xal itkisi Aftandil Hacıyevin komandasını üçüncü pillədən sala bilər. “Sabah” isə “Qəbələ”yə çatmaq və “Səbail”lə xal fərqini azaltmaq üçün səfərdə qələbə qazanmalıdır.

 

Image may contain: 1 person, playing a sport and outdoor

 

Tura isə “Qarabağ” – “Qəbələ” görüşü ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mərkəzi qarşılaşmaya maraq böyükdür. Son çempion “Qarabağ” bu il “Neftçi”nin ciddi rəqabətiylə üzləşib. Paytaxt klubundan üç xal geri qalan ağdamlılar hər oyuna qələbə üçün çıxmalıdır. Qurban Qurbanovun komandası “Qəbələ”ni məğlub etməklə yanaşı, lider “Neftçi”nin “Zirə” ilə qarşılaşmada büdrəməsinə ümid etməlidir. Mövsümün ikinci yarısına uğurlu başlayan “Qəbələ” qələbələrin ardını gətirmək istəyir. Dördüncü pillədə qərarlaşan Sənan Qurbanovun yetirmələri “Səbail”dən bir xal geri qalır. “Qarabağ”ın son altı oyunda qapısında qol görməyən “Qəbələ”yə qarşı oyunun çətin keçəcəyinə şübhə yoxdur.

 

Sportal.az

 

undefined

Xəbər xətti