"Zirə" - "Neftçi": 15-ci duel

17:51 - 15 Fevral 2019

Bu həftə Azərbaycan Premyer Liqasının 17-ci turunun qarşılaşmaları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, “Zirə” mövsümün ikinci yarısında öz meydanında 2-ci dəfə azarkeşləri önünə çıxacaq. “Qartallar” çempionatın lideri “Neftçi” ilə üz-üzə gələcək. Bu, komandaların Premyer Liqa çərçivəsində 15-ci dueli olacaq.

 

“Zirə” indiyədək 14 dəfə “Neftçi” ilə qarşılaşıb. Bu oyunlarda “qartallar”ın böyük üstünlüyü var. 8 dəfə qalib gələn “Zirə” 4 heç-heçə edib və yalnız 2 matçda uduzub. Texniki nəticəni nəzərə almasaq, rəqib qapısından 18 top keçirən “qartallar” 11 qol buraxıb. “Zirə”nin qollarına 12 oyunçu imza atıb. Bir dəfə isə rəqib avtoqol müəllifi olub. “Qartallar”ın heyətində Luis Alberto Diez daha çox – 3 qol vurub. Nelson Bonilla, Riçard Qadze və Vüsal İsgəndərli hərəyə 2 dəfə fərqlənib.

 

“Zirə” 8-ci dəfə “Neftçi” ilə oyuna ev sahibliyi edəcək. “Zirə”nin meydanındakı qarşılaşmalarda heç-heçə qeydə alınmayıb. 5 qələbəsi olan “qartallar” 2 dəfə meydandan xalsız ayrılıb. Bu matçlarda 9 qol vuran “Zirə”lilər 5 top buraxıblar.

 

“Zirə” – “Neftçi” matçı sabah, saat 17:30-da start götürəcək.

Xəbər xətti