"Sumqayıt" polisi aldatdığını deyən futbolçunu sərt cəzalandırdı

18:59 - 20 Fevral 2019

“Sumqayıt” klubu israilli yarımmüdafiəçi Əli Babayevin Bakıda yol polisini aldatması ilə bağlı açıqlamasına sərt reaksiya verib. 

 

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Qafqazinfo”ya açıqlamasında futbolçunun Dövlət Yol Polisindən üzr istədiyini bildirib:


“Komandamızın futbolçusu Əli Babayevin məsuliyyətini dərk etmədən verdiyi açıqlama ilə əlaqədar demək istəyirik ki, klub rəhbərliyi məsuliyyətsiz yanaşmaya görə kəskin iradını bildirib və onu cəzalandırıb. Futbolçu özü də etiraf etdi ki, bilmədən bu səhvə yol verib. Əli Babayev hesab edir ki, Dövlət Yol Polisi əməkdaşı ona qonaq olduğu üçün şifahi xəbərdarlıq edib. O, bunu Dövlət Yol Polisi əməkdaşının böyüklüyü və qonaqpərvərliyi kimi qəbul edir və üzrxahlıq edir”.


Qeyd edək ki, Əli Babayev İsrail mətbuatına açıqlamasında yol polisini aldatdığını belə ifadə etmişdi:


"Bir neçə həftə öncə avtomobillə yolun sol zolağı ilə hərəkət edirdim. 100 metrdən sonra yol polisi məni saxladı və onlardan biri azərbaycanca danışmağa başladı. Bir müddətdir Bakıda yaşadığımdan artıq dili başa düşürəm. Ancaq polislərdən yaxa qurtarmaq üçün onları aldatdım. Özümü elə göstərdim ki, sanki heç nə anlamıram. Polisə öz dilimdə "Sizi başa düşmürəm, mən yalnız ivrit dilində danışa bilirəm. Siz bu dili bilirsiniz?" dedim. O, mənə gözləməyimi söylədi və maşınına doğru getdi. Bir neçə dəqiqədən sonra isə qəflətən siqnal verib, yola davam etməyimi bildirdi. Amma belə bir şey İsraildə olsaydı, hətta hind dilində də danışsaydım, polislər mənə cərimə yazmaq üçün "Google Translate" tərcümə proqramından istifadə edərdilər".

Xəbər xətti