Robert Prosineçki: "Onlar da Azərbaycan kimi partlamamış bombadır"

13:02 - 21 Fevral 2019

Milli komandamızın sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran Robert Prosineçki açıqlama verib.

 

Sportal.az sportsport.ba saytına istinadən xəbər verir ki, Xorvatiya futbolunun əfsanəsi bir müddət əvvəl keçirdiyi əməliyyat barədə danışıb. 20 kq arıqlayan 50 yaşlı mütəxəssis səhhətinin yaxşı olduğunu deyib: "Mədəmdə ağrılar var idi. Belə halla üzləşməmişdim. Əməliyyata ehtiyac duyuldu. Qanda zəhərlənmə olmaması üçün bıçaq altına düşdüm. Əməliyyat uğurlu oldu. Bir müddət xəstəxanada qaldım və bu da asan deyildi".

 

Millətlər Liqasında Bosniya və Herseqovinanı pley-offa yüksəldən çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsi barədə fikirlərini bölüşüb:

 

"Uğursuzluqdan qorxsaydım, Bosniya və Herseqovina millisinə gəlməzdim. Uğursuzluqdan niyə qorxmalıyıq ki? Qrupumuzda İtaliya var və onlar DÇ-2018-ə yollana bilməyiblər. İtaliya yığması yenidən böyük turnirə vəsiqə qazanmaq istəyir.

 

Yunanıstan da uzun müddətdir böyük yarışlardan kənar qalıb. Onlarla həm də haqq-hesabımız yarımçıq qalıb. Təbii ki, onların da Avropa çempionu kimi hədəfləri var. Deyərdim ki, bizim üçün arzuolunmaz rəqibdirlər. Heç bir rəqib qarşısıalınmaz deyil.

 

Digər rəqibimiz Finlandiya isə Azərbaycan kimi partlamamış bombadır. Onlar da 50 ildə bir dəfə sürpriz edirlər. Onlar ötən seçmə mərhələ oyunlarında Xorvatiya ilə heç-heçə edərək, hamını təəccübləndirmişdilər.

 

Ermənistandan qorxuruqsa və onlara qalib gələ bilmiriksə, heç Avropa çempionatına getməyək. Bu fikirlərim rəqibi aşağılamaq və qiymətləndirməmək deyil. Sadəcə, reallıq budur".

Xəbər xətti