Anatoli Banişevski - 73

14:04 - 23 Fevral 2019

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 73 il ötür. 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski "ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə "Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) "Neftçi”li "Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

 

SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin "Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zaman ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl "Şöhrət ordeni” ilə təltif olunub.

 

"Neftçi”yə sədaqətini heç vaxt itirməyən "9 nömrə” azarkeşlərimizin yaddaşında əbədi olaraq qalacaq.

 

Doğum günün mübarək, Banya! Sən bizim qəlblərdə həmişə yaşayırsan!

Xəbər xətti