Mahmud Qurbanov: "Azərbaycanlı gənc futbolçuları tərifləmək olmaz" MÜSAHİBƏ

10:14 - 24 Fevral 2019

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov Sportal.az saytına müsahibə verib.
 
45 yaşlı mütəxəssis komandasının I Diviziondakı çıxışından danışıb və digər məsələlərlə bağlı suallara cavab verib.
 
- Qış fasiləsindən sonra komandanız üç oyuna üç qələbə qazanıb. Uğurlu start barədə fikirləriniz necədir?
- Üç oyun hələ çempionatın axırı demək deyil. Turnir cədvəlində də lider deyilik. Çalışırıq ki, hər oyunda qələbə qazanaq və bu tempdə davam edək. Bütün oyunlara eyni hazırlaşırıq. Üç qələbə ilə başladıq, hər şey yaxşıdır, amma qarşıda çətin oyunlar var. Çempionatın sonunda uğurlu çıxış olub-olmadığını deyə bilərik.
 
- Lider MOİK-dən 6, “Sumqayıt-2”dən isə 5 xal geri qalırsınız. Çempionluq uğrunda sona qədər mübarizə aparmaq gücünüz var?
- Sona qədər oynayacağıq, fərqi yoxdur rəqibimiz hansı komandadır. Bütün rəqiblərə eyni baxırıq. Qarşılaşmalara qələbə üçün çıxırıq. Xal fərqi çoxdur, bunu azaltmaq istəyirik. Nəticə qazana-qazana uşaqlara da kömək etmək istəyirik. Onların potensialını açmaq və özlərini yaxşı tərəfdən göstərmələri üçün çalışırıq.
 
- Divizionda qarşınıza hədəf qoyulub?
- Heç bir hədəf qoyulmayıb. Məqsəd əsas komandaya perspektivli oyunçu yetişdirməkdir. Xüsusi hədəf qoyulmayıb qarşıma. Əlbəttə, “Neftçi” ölkənin ən köklü klubudur. Bu komanda həmişə birinci yer üçün oynamalıdır.
 
- Gələcəkdə hansı futbolçunu əsas komandada görürsünüz?
- Hamısından gözləmək olar. Əsas odur ki, futbolçular yollarını azmasınlar. İstərdim ki, futboldan başqa şeylərə uymasınlar. Bir şeyi bilirəm ki, bizim gənc futbolçuları tərifləmək olmaz. Bilirsiniz, tərfilənmək bizim mentalitetə pis təsir edir. Belə olan zaman oyuna və məşqə münasibət dəyişilir. Bu uşaqlar karyera qurmaq istəyirlərsə, daha da yaxşı oynamalıdırlar. Biz də bu yöndə onlara kömək etmək istəyirik. Bu gün hansı uşaqların əsas komandaya gedəcəyini demək çətindir. İstərdim ki, bu komandadan bir neçə futbolçu əsas heyətdə olsun. Bu uşaqlar akademiyadan çıxanlardır və amalları əsas heyətdə oynamaq olmalıdır.
 
- Serbiyalı Milan Obradoviç U-21 millisinin baş məşqçisi təyin edildi. Onun həmyerlisi Miloş Velebit isə U-15 millisi ilə yanaşı, yığmaların koordinatoru olacaq. Bu təyinatlara münasibətiniz necədir?
- Kimsə baş məşqçi təyin edilməli idi. Əgər bu təyinat olubsa, artıq biz dəstək olmalıyıq. Çünki bu, bizim millimizdir. Orda azərbaycanlı və ya kənar məşqçinin işləməsindən asılı olmayaraq, dəstək olmaq lazımdır.
 
- Milan Obradoviç sizinlə hansısa məsələyə görə məsləhətləşib? Aranızda fikir mübadiləsi olub?
- U-21 millisinin məşqçisi Elbrus Məmmədovla əlaqə saxlayırıq. Oyunçular barəsində söhbətimiz olur. U-19 yığmasından Vüqar Məmmədlə U-17 millisindən isə Samir Əliyevlə söhbətimiz olur, fikir mübadiləsi aparırırıq. Milli məşqçiləri ilə əlaqələrimiz var.
 
Mehman Əşrəfov

Xəbər xətti