Rahid Əmirquliyev: "Bəlkə də "Səbail" təzə klub olduğu üçün inam yoxdur" MÜSAHİBƏ

19:18 - 24 Fevral 2019

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Səbail" səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların kapitanı Rahid Əmirquliyev jurnalistlərə müsahibə verib. 29 yaşlı yarımmüdafiəçi qələbəni şərh edib:
 
- Çətin oyun oldu. “Neftçi” liderliyə öz oyunu ilə layiq komandadır. Bizimlə oyunda da demək olar, üstün idilər. Futbolda belə hallar olur. Oyunun alınmasa da, sonda qalib gələ bilirsən.
 
- “Neftçi” topla çox olsa da, qapınızda çox qol vəziyyətləti yarada bilmədi. Rəqibiniz sizə niyə bata bilmədi?
- Rəqibi yaxşı analiz etmişdi. Əks-hücumlarda oynamağı seçmişdik. İlk qoldan sonra istər-istəməz müdafiədə oturmalı olduq. Ardından ikinci qolu da vurduq. Bundan sonra da əks-hücumları seçdik.
 
- “Neftçi”yə mövsümün ilk yarısında 0:4 hesabı ilə uduzmuşdunuz. Bunun revanşını düşünürdünüz?
- Əlbəttə, belə şeylər yaddan çıxmır. Bu hesabı unutmaq olmaz. Həm də rəqib lider komandadır. Üstəlik, yaxın izləyicilərimiz xal itirimişdilər. Buna görə də qalib gəlmək istəyirdik.
 
- “Səbail” bu qələbə ilə 3-cü pillədəki yerini bir qədər də möhkəmləndirdi. Ancaq çoxları düşünür ki, “Səbail” bəxt sayəsində bu yerdədir. Artıq bu qalibiyyətdən sonra avrokuboklara daha da iddialı olduğunu demək olar?
- Sözün düzü, heç bilmirəm ki, kim inanır, kim isə yox. Əsas odur ki, biz özümüzə güvənirik. İstıyirik ki, elə bu yerdə çempionatı başa vuraq. Kiməsə nəsə sübut etmək istəmirik. Göstərmək istəyirik ki, Avropa Liqasında oynaya bilərik. Hər kəsin şəxsi fikri var və buna hörmətlə yanaşmaq lazımdır.
 
- Hamıda belə bir fikir formalaşıb ki, “Səbail” ciddi klub deyil. Bu mövsüm iki texniki qələbə qazanmağınızı da çox qabardırlar. Azarkeş mövzusu düşəndə də “Səbail”in fanat ordusu olmadığı elə ən birini vurğulanır. Sizcə, niyə “Səbail”i qəbul etmirlər?
- Biz belə şeylərə fikir vermirik. Futbolçuların işi meydana çıxıb, layiqli oynayaraq, xal qazanmağa çalışmaqdır. Hamının öz fikri var. Bəlkə də klub təzə yaranıb və inam yoxdur. Çalışacağıq ki, bu il avrokuboklarda çıxış edək və inam yaransın.
 
- “Qarabağ”a kömək etdiyinizin fərqindəsiniz?
- Bunu düşünmürdük. “Qarabağ” özü dünən xal itirmişdi. “Qarabağ”a kömək etməyi düşünmürdük.
 
- Artıq “Qəbələ”dən 6 xal öndəsiniz. Demək olar ki, yerinizi möhkəmləndirirsiniz?
- 6 xal öndə olmaq daha yaxşıdır. Ancaq qarşıda çox oyunlar var. Növbəti tur “Sumqayıt”ı qəbul edəcəyik və sonra Qəbələyə yollanacağıq. Hər oyuna 3 xal üçün çıxmalıyıq.
 
- Üçüncü pillədə qərarlaşacağınıza əvvəlcədən inanırdınız?
- Bəlkə də heç kəs inanmazdı. Komandamıza yaxşı futbolçular qoşuldular. Çempionatda “Qarabağ”la “Qəbələ” istisna olmaqla digər komandaların səviyyələri bərabərdir. Ona görə də 3-cü yeri tutmağa inam var idi.
 
- Milli komandamızın üzvüsünüz. Nikola Yurçeviçin yığmamızın baş məşqçi postuna təyinatını necə qarşılayırsınız? Xorvatiya ilə oyunda millimiz nə edə bilər?
- Belə qərarları AFFA verib. Bizə ümid etmək qalır. Ona uğurlar arzu edirəm. Təbii ki, favorit Xorvatiyadır. Bu gün “Neftçi” favorit idi, ancaq qalib gələn biz olduq. Futbolda hər şey olur.

Xəbər xətti