Oqtay Abdullayev: "Turan Tovuz" Premyer Liqada çıxış etməyə layiqdir"

15:09 - 26 Fevral 2019

Birinci divizionda mübarizə aparan "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev Sportal.az saytına açıqlama verib.

 

Klub rəsmisi klubun yeni baş məşqçisi Nizami Sadıqovun yaya qədər postunda qalacağını və etimadı doğruldacağı halda, onunla müqavilənin uzadıla biləcəyini bildirib:

 

"Bu gün Tovuza gedəcəm. Klubun Müşahidə Şurası ilə toplantımız olacaq. İclasda Nizami Sadıqovun müvəqqəti olaraq baş məşqçi kimi təyinatı rəsmiləşəcək. Nizami Sadıqov daha öncə də klubun baş məşqçisi olub. Qısa zaman ərzində baş məşqçi axtarışına çıxmadıq. Yaya qədər yola davam edəcəyik. Əgər Nizami Sadıqov özünü doğrultsa və bizimlə işləmək istəsə, bizim davam etmək fikrimiz var. Əgər bu alınmasa və Premyer Liqada oynamaq imkanımız olsa, yeni çalışdırıcı axtaracağıq".

 

Müşahidə Şurasının sədri "Turan Tovuz"un növbəti mövsüm Premyer Liqada çıxış edəcəyi barədə gəzən xəbərlərə münasibət bildirib:

 

"Allah ağzınızdan eşitsin! Bununla bağlı AFFA-dan bizə rəsmi məlumat gəlməyib. Çox istərdik ki, "Turan Tovuz" elitada oynasın. Buna şərait də imkan verir. Bizim yaxşı azarkeş kütləmiz də var. Şəhər sakinləri komandanın Premyer Liqada çıxış etməsini istəyir. Ancaq bütün yükü də AFFA-nın üzərinə yıxmaq lazım deyil. Ən azından Tovuzdan olan imkanlı şəxslər kluba maliyyə dəstəyi verməlidir ki, klub da Premyer Liqada çıxış etsin. AFFA və sponsorların köməkliyilə Premyer Liqaya klub hazırlamaq olar. Tovuzda stadion və baza baxımından şərait var. "Turan Tovuz" Premyer Liqada çıxış etməyə layiqdir. Millidə və digər klublarda Tovuzda yetişmiş futbolçular var. İş adamaları diqqət ayırsa, hələ Tovuzdan çox futbolçu çıxacaq".

 

Abdullayev Tovuzda tikiləcək futbol akademiyası ilə bağlı bunları deyib:

 

"Bu məsələ ilə bağlı federasiya bizə böyük dəstək verir. Həm də Tovuzun icra başçısı ilə də görüşəcəm. Onunla bu barədə söhbət edəcəm. İnanıram ki, icra başçısı da Tovuzda futbolun inkişafı üçün dəstəyini əsirgəməyəcək. Akademiya klubun bazasında inşa ediləcək. Bazada təmir işləri aparılacaq. Bazada uşaqların qalması və qidalanması üçün hər şərait olacaq. AFFA bu yöndə bizə dəstək verir. Həmin akademiyada yetişən oyunçular gələcəkdə Azərbaycan futboluna öz töhfələrini verəcək. Bunun dəfələrlə şahidi olmuşuq. Tovuzdan çıxan futbolçular millidə və iddialı klublarda çıxış edib".

Xəbər xətti