Vüqar Məmməd: "Bizim futbolçular gərgin oyunları millidə keçirirlər" MÜSAHİBƏ

00:09 - 27 Fevral 2019

19 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Vüqar Məmməd Sportal.az saytına müsahibə verib.
 
- Millimizin İspaniyadakı təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?
- Bu təlim-məşq toplanışından razı qaldım. Çünki futbolçular var gücləriylə çalışdılar. Bizim üçün elit-raund öncəsi vacib olan o idi ki, İspaniya və Şotlandiya kimi güclü komandalarla qüvvəmizi sınayaq, təcrübə toplayaq. Bu oyunların bizə faydası çox oldu. Rəqiblərizin heyətindəki futbolçular Avropanın nəhəng klublarında çıxış edirlər. Bizim oyunçularımıza yaxşı təcrübə oldu. Toplanışda bir heç-heçə etdik, iki oyunda uduzduq. Düzdür, hesab futbolçularda qələbə ruhunun olması üçün önəmlidir. Hər oyuna enyi kökləniridik, lakin belə komandalara qarşı oynamaq bizim üçün çətindir. Onlar hər həftə belə yüksək templi oyunlar keçirirlər. Təəssüf ki, bizdə futbolçular milliyə gələndə belə gərgin oyunlar keçirirlər.
 
- Elit-raundda Rusiya, İrlandiya və Rumıniya yığmamızın rəqibləridir. Qrupda favorit kimi hesab edirsiniz?
- Rəqiblər haqda məlumatımız var. Hər üç komandanın son oyunları bizdə var. Rəqiblərimizi araşdırırıq. Rusiya və Rumıniyaya qarşı daha öncə oynamışıq. Məşqçilərlə birgə oyunları analiz edirik. Daha çox Rusiyanı araşdırırıq, çünki ilk oyunumuz bu komandaya qarşıdır. Daha sonra futbolçulara lazım olan məlumatları verəcəyik. Bu qrupda bütün komandalar səviyyəcə bir-birinə yaxındır. İrlandiya yaxşı komandadır. Seçmə mərhələdə Hollandiya və Bosniya və Herseqovinanın yer aldığı qrupdan çıxıb. Rumıniya və Rusiyanı da zəif saymıram, kifayət qədər yaxşı komandalardır.
 
- Elit-raundda ilk oyun Rusiyaya qarşıdır. Birinci qarşılaşmanın meydan sahiblərinə qarşı olması ürəyinizə oldu?
- Hər üç komanda səviyyəcə bir-birinə yaxındır. Hər üçünə qarşı oynayacağıq. Bəlkə də ruslara qarşı oynamağımız yaxşı oldu, meydan sahibi olduqları üçün bir az üzərlərində təzyiq var. Bizə fərqi yoxdur, hər üç oyuna köklənmək lazımdır.
 
- Final mərhələsi Ermənistanda keçiriləcək. Futbolçularda buna görə təzyiq yoxdur?
- Bizim üçün bu, önəmli deyil. İdmanı siyasətə qarışdırmıram. Əgər final mərhələsinə düşsək, yəqin ki, turnirdə iştirak edəcəyik. Çünki bu, UEFA-nın bayrağı altında keçirilir. Bu, bir növ bizim üçün yaxşıdır. Ən azından himnimizi üç dəfə orada səsləndirə bilərik.
 
- Sizin elit-raundun oyunlarından sonra U-17 millisində baş məşqçi təyin olacağınız xəbərləri yayılıb. Federasiya ilə bununla bağlı görüşünüz olub?
- Yığmaların koordinatoru Miloş Velebitlə görüşümüz oldu. Həftənin 5-ci günü növbəti toplanış olacaq. Bizdən nə tələ etdiklərini diqqətimizə çatdıracaq. Yəqin ki, hər şey orda bəlli olacaq. Mənimlə görüşündə bütün milli komandalarda hər şeyin eyni olacağını bildirmişdi. Birlikdə çalışacağımızı dedi. U-17-nin bu toplanışına məhz özü nəzarət edəcək. Məsələn, U-17 yığmasının toplanışında U-19 millisinin də məşqçiləri iştirak edəcək. Hamımızla birlikdə struktur qurmaq istəyir. Bir-birimizə dəstək olacağıq. Hazırda elit-raunda köklənmişik. Gələcəkdə necə olacağına rəhbərlik qərar verəcək.
 
Mehman Əşrəfov

Xəbər xətti