"Zirə" - "Qəbələ": 17-ci duel

00:52 - 2 Mart 2019

Bu həftə Premyer Liqada 19-cu turun matçları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, “Qəbələ” səfərdə “Zirə” ilə görüşəcək. Bu, komandaların mövsümdə 3-cü qarşılaşması olacaq. Əvvəlki iki oyunda yalnız 1 qol vurulub. “Zirə” I dövrədəki ev görüşündə 1:0 hesabı ilə qalib gəlibsə, II dövrədəki matçda qolsuz sülh qeydə alınıb.

 

Ümumilikdə isə “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 17-ci dəfə üz-üzə gələcək. Əvvəlki 16 matçda “Qəbələ” üstünlüyə malikdir. Komanda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 22 top keçirən futbolçular 14 qol buraxıb. “Qırmızı-qaralar”ın 22 qoluna 14 futbolçu imza atıb. Aleksey Qay hamıdan çox - 4 dəfə fərqlənibsə, Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç və Stiven Monroz hərəyə 2 dəfə rəqib qapısına yol tapıb.

 

2 dəfə kubokda görüşən rəqiblər Premyer Liqada 15-ci duelə çıxacaq. Çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıblar. Bu oyunlarda komandamız 15, rəqibi 12 qol vurub.

 

“Qəbələ” səfərdə keçirdiyi 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə meydandan məğlub ayrılıb. Paytaxt təmsilçisinin meydanında top fərqi “qırmızı-qaralar”ın xeyrinədir – 11:8.

 

Xatırladaq ki, “Zirə” - “Qəbələ” görüşü martın 3-də keçiriləcək.

Xəbər xətti