Xorvatiya ilə oyuna doğru: milliyə namizədlərin son durumu

14:02 - 7 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsinə az qalıb. Martın 21-də yığma komandamız səfərdə Xorvatiyanın qonağı olacaq.

 

Nikola Yurçeviç millimizlə debütünü həmyerlilərinə qarşı matçda gerçəkləşdirəcək. Millinin “sükanı arxası”na gec təyin edilən mütəxəssis futbolçuların nəyə qadir olduğunu tam bilmir. Yurçeviç açıqlamasında futbolçular barədə eşitdiklərini deyir, lakin oyunçunu iş başında görmək daha yaşıdır. Bu baxımdan da millinin təlim-məşq toplanışı keçməməsi mənfi hal hesab edilir.

 

Futbolçu qıtlığının hökm sürdüyü vaxtda yığmada bir sıra problemlər var. Bəzi oyunçular əvvəlki formasından uzaq düşüb, bir çoxu isə əvvəlki qədər şans qazana bilmir.

 

Qapı mövqeyinə baxsaq, Səlahət Ağayev, Kamran Ağayev və Emil Balayevin milliyə dəvət alacağını söyləmək olar. “Zirə”nin əlcək sahibi Kamal Bayramovun da qış fasiləsindən sonra çərçivədə inamlı olduğunu qeyd etmək lazımdır. Lakin qapı mövqeyində alternativ bundan çox deyil. Digər yerli qapıçılar ehtiyat oyunçular skamyasında əyləşirlər.

 

Müdafiə xəttinə isə “Qarabağ”dan Maksim Medvedevlə Bədavi Hüseynovun yığmaya çağırılacağı gözləniləndir. Abbas Hüseynovla Rahil Məmmədov isə az hallarda meydana çıxırlar. Onların siyahıya düşməsi sualdır.

 

Ukraynanın “Aleksandriya” klubunun üzvü olan Pavel Paşayevin dəvət olunacağı gözlənilir.

 

“Qəbələ”nin iki yetirməsi – Bəhlul Mustafazadə və Amin Seydiyev son dönəmlər yaxşı formadadırlar. Qış fasiləsindən sonra əsas heyətdə oynayan Seydiyev öz adından söz etdirir. Mustafazadə Qurban Qurbanovun dönəmində milliyə dəvət alıb, ab-havanı hiss edib. Yaxşı səviyyədə olan gənclərə bu şəraiti yaratmaq olar. Urfan Abbasov milliyə daha öncə də çağırılırdı. Yəqin ki, bu dəfə də onun adı siyahıda olacaq.

 

“Neftçi”də isə Ömər Buludovun əla formada olduğunu vurğulamaq lazımdır. Cinah müdafiəçisi çempionluğa oynayan komandada əsas üzvlərdən biridir. Anton Krivotsyuk da paytaxt klubunda vacib oyunçulardan birinə çevrilib. Gənc müdafiəçilər Yurçeviçin mesajını səbirsizliklə gözləyirlər. Zədəsini sağaldan Ruslan Abışov hələ ki, ideal formasından uzaqdır. Məhəmməd Mirzəbəyov da keçmiş formasından uzaqdır. Qeyri-stabil oyun sərgiləyən Tural Axundov dəvət alanlar sırasında ola bilər.

 

Debütant “Sabah”dan Təmkin Xəlilzadənin dəvəti realdır. Bundan əlavə, gənc Eltun Turabov da yaxşı alternativdir.

 

“Zirə”dən Bəxtiyar Həsənalızadə, “Sumqayıt”dan Adil Nağıyev, “Keşlə”dən Tərlan Quliyev, “Səbail”dən Şəhriyar Rəhimovla Elvin Yunuszadəni də qeyd etmək olar.

 

Yarımmüdafiə xəttinə “Qarabağ”dan Qara Qarayevlə Riçard Almeydanın dəvətini gözləniləndir. Ağdam klubundan Araz Abdullayevi də siyahıda görə bilərik. 

 

“Neftçi”dən isə komandanın liderlərindən olan Emin Mahmudovun əla formada olduğunu söyləmək lazımdır. Rəhman Hacıyev zədədən əziyyət çəkdiyi üçün millidə ola bilməyəcək. Namiq Ələsgərov qeyri-stabil olsa da, alternativlər arasındadır.

 

“Qəbələ”də isə Cavid Hüseynov, Elvin Camalov stabil durumdadırlar.

 

Yurçeviç “Sumqayıt”dan Əli Babayevlə Aleksey İsayevi ilk dəfə milliyə dəvət edə bilər. Hər iki futbolçu mövsümün gedişində Azərbaycan pasportu alıb. Əfran İsmayılovun da heyətdə yer alacağı gözləniləndir.

 

“Səbail”dən Rahid Əmirquliyev, Fəhmin Muradbəyli və Vüqar Bəybalayevin sabit oynadığını vurğulamaq lazımdır.

 

“Sabah”da isə təcrübəli futbolçular – Cavid İmamverdiyevlə Rəşad Eyubovun dəvəti mümkündür. Coşqun Diniyev də debütantda yerini möhkəmləndirməkdədir.

 

“Keşlə”dən Vüsal İsgəndərlini də alternativ götürmək olar.

 

Legioner həyatı yaşayan futbolçulardan Dmitri Nazarovun gerilməkdə davam edir. Almaniya II Bundesliqasında çıxış edən “Aue”nin üzvü hər oyun 5-10 dəqiqə şans qazanır. Uzun müddətdir yığmaya həsrət qalan Eddi İsrafilov isə İspaniya Sequnda təmsilçisi “Alkorkon”da əsas heyət üzvü sayılır.

 

Hücum xəttində isə ciddi problemlər var. Mövsümün ilk yarısında fırtına kimi əsən Mirabdulla Abbasov qış fasiləsindən sonra kölgəyə çəkilib.

 

Rüfət Dadaşov Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”də son 10 oyunda qol vurmayıb, əsas heyətdə yerini itirib. Buna baxmayaraq, Dadaşov millinin Xorvatiya və Litva ilə oyunlarına dəvət alacaq. Onun hücum xəttinə necə rəng qatacağı böyük sualdır.

 

Rusiyanın “Krılya Sovetov” klubunda çıxış edən Ramil Şeydayev Samara klubunda son zamanlar yaxşı çıxış edir. 22 yaşlı futbolçu Premyer Liqanın ikinci yarısının ilk turunda “Lokomotiv”ə qol vuraraq komandasını xilas etdi.

 

“Qarabağ”dan Mahir Mədətovun milliyə dəvət alacağı gözlənilir. Lakin Mədətov da əvvəlki formasında deyil.

 

Qış fasiləsindən sonra “Qəbələ”də Rauf Əliyev oyunu ilə diqqət çəkə bildi.

 

“Sumqayıt”ın milliləşdirilən hücumçusu Atilla Yıldırımın isə yığmamızı gücləndirəcək səviyyədə olduğunu söyləmək çətindir.

 

“Səbail”də Ruslan Qurbanov zədədən sonra geri düşdü. Ağabala Ramazanov isə oyunu ilə Yurçeviçi “yaşıl işıq” yandırmağa məcbur edir.

 

Alternativlər arasında cari mövsüm "Keşlə"də beş qol vuran Amil Yunanovun da adını qeyd etmək olar.

 

Sportal.az

Xəbər xətti