Avropa Liqasının finalı üçün biletlər bu gün satışa çıxır

18:31 - 7 Mart 2019

Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa bilet satışına bu gün start veriləcək.

 

Sportal.az xəbər verir ki, final qarşılaşması üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü saat 17:00-da  ümumi satışa çıxarılacaq. Yerdə qalan biletlər isə milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

 

Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına keçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək.

 

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla iki nəfər üçün iki biletin satışı daxildir. Biletlər dördüncü kateqoriya üzrə güzəştli qiymətlə satışa buraxılacaq.

 

Qeyd edək ki, final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək.

Xəbər xətti