Klub prezidenti: "Futbolda qazanc yoxdur, bunu inkar etsəm, səmimi olmaram"MÜSAHİBƏ

00:03 - 9 Mart 2019

Cari mövsümdə adından söz etdirən, diqqəti üzərinə cəlb edən klublardan biri də "FC Baku”du desək, , yanılmarıq.

 

Sportal.az xəbər verir ki, yeni yaranan komanda Region Liqasında çıxış etməsinə baxmayaraq, heyətində yetərincə təcrübəli futbolçular yer alıb.
 
Klubun prezidenti isə gənc iş adamı Cavidan Qorçiyevdi. Onunla budəfəki görüşdə özü haqda danışmağı lazım bildik.
 
Cavidan Qorçiyev kimdi, hansı peşənin sahibidi, futbola marağı hardandı? Bu və başqa suallara tapmaq üçün şənbə günü qarşısına böyük hədəflər qoyan klubun prezidenti ilə görüşüb danışdıq. 

 

Əvvəlcə özünüz barədə məlumat verərdiz.
- 1988-ci il mayın 26-da Moskvada dünyaya gəlmişəm. Bir müddət Rusiyada yaşayandan sonra Azərbaycana köç etmişik. Atamın işləriylə bağlı İran və Gürcüstanda da yaşamışıq. Bakıdakı Oksford məktəbində oxumuşam. 11-ci sinfi isə İngiltərənin Brayton şəhərində, oranın universitetində bitirmişəm. İngltərənin iqlimi mənə düşmədiyinə görə adada çox qala bilmədim və bakalavr təhsilimi davam etdirmək üçün Mərkəzi Avropa Universitetinə üz tutdum. Beynəlxalq hüquq üzrə menecerəm. Ali təhsili başa vurub vətənə qayıtdım və iş adamı kimi burda fəaliyyətimi davam etdirirəm. 
 

Futbola marağınız hardan yaranıb?
- Harda yaşamağımdan asılı olmayaraq, kiçik yaşlarımdan idmana böyük həvəsim olub. Təkbətək döyüş növləri ilə məşğul olmuşam. 2011-ci ildə kikboksinq üzrə idman ustası adını almışam. Onu da qeyd edim ki, mən həm də bu idman növündə dünya üçüncüsüyəm. Futbola gəlişim isə bəzi dostlarımızın sayəsində oldu. Onlarla birgə müxtəlif turnirlərdə çıxış etdik, bəzi yarışlarda qalib adını qazandıq. Həmin turnirlərdən sonra qərara gəldim ki, AFFA-nın dəstəyi ilə keçirilən Region Liqasında özümüzü sınayaq. Həm AFFA-nın, həm də UEFA-nın saytından turnirlə bağlı geniş məlumat topladım. Gördüm ki, sayılıb-seçilən turnirdi, qitə futbol qurumu da bu sahəyə xüsusi diqqət ayırır. Bir də mənə Azərbaycanın bölgələrinə yollanmaq, müxtəlif rayonların futbol mədəniyyəti ilə tanış olmaq maraqlı gəldi. Məsələn, Region Liqasının sayəsində gördüm ki, Şirvanovka kimi kənddə necə gözəl futbol ab-havası var. Bu kənd futbolçuları ilə məşhurdu. Bütün bu işlər, futbolun içində olmaq məni müəyyən adamlarla tanış etdi. Həmin şəxslərin köməyi sayəsində də işlərimizi düz qurmağa çalışırıq. Nizam-intizama önəm verən adamam. Pis çıxmasın, hər zaman düzgünlüyün tərəfdarı olmuşam. Bəlkə də bu Avropada təhsil almağımdan, oranın mentallığından formalaşıb. Həmişə çalışıram ki, ətrafımda sağlam mühit, intizama riayət edən kollektiv olsun. Hər şey vaxtında, yerli-yerində olmalıdı.
 

Hazırda Azərbaycanda futbol rentabelli sahə sayılmır. Ancaq pul xərcləməlisən, gəlir, demək olar ki, yoxdu. İş adamı kimi gəlirsiz layihəni maliyyələşdirməyi, ora investisiya qoymağı nə dərəcədə düzgün sayırsız? Sizin biznes planınızda "futboldan qazanc götürmək” bəndi var? 
- Aldığım təhsilə görə bilirəm ki, hər hansı işə başlamamış biznes-plan tutmalısan. Onu da bilirəm ki, hazırda futbolda qazanc yoxdu. Bunu inkar etsəm, səmimi olmaram. Ancaq gələcək üçün müəyyən planlarım var. Təbii ki, birinci diviziona yüksəlmək yönündə AFFA qarşımızda "yaşıl işıq yandıracağı” halda ilk növbədə yerli kadrları yetişdirmək niyyətindəyik. Bundan başqa, skaut sisteminin köməyindən yararlanıb, Asiya və Afrikadan perspektiv vəd edən legionerləri dəvət edib, bir müddət onların xidmətindən yararlandıqdan sonra başqa klublara baha qiymətə satmağı da düşünmüşük. Ötən dəfə sizə açıqlamamda idmana yatırım edən şirkətlərə vergi ilə bağlı müəyyən güzəştlərin nəzərdə tutulduğunu demişdim. Bundan yararlanıb yeni tərəfdaşlar cəlb etmək olar. Biznes-planımızda bütün bunlar qeyd olunub. Klubun fan-şopunun olmasını, oyunların keçirildiyi arenalarda yüngül qəlyanatıların satışını təşkil etmək olar. Bəlkə də Bakıda stadiona o qədər də çox azarkeş gəlmir. Ancaq bölgələrə çıxanda insanların futbola necə həvəs göstərdiklərini görmək olar. Bütün bunlardan maksimum yararlanmaq lazımdı. Müəyyən konturları cızılmış planlarımız var və bu gün də onun üzərində işləyirəm. Ancaq bütün bunları reallaşdırmaq üçün, təbii ki, peşəkar status daşıyan liqaya yüksəlməyimiz lazımdı. Belə deyək ki, uzun müddətli layihəyə start vermişik.
 

Bəlkə bir qədər "FC Baku”dan uzaqlaşaq?
- Necə istəyirsiz. Ancaq "FC Baku”dan danışmasaq da, istəsək də, istəməsək də, yenə futbola toxunacağıq. "İdmanın şahı”nın xüsusi, özünəcəzb qüvvəsi var (gülür).
 

"FC Baku” öz yerində, dünya futbolunda hansı kluba azarkeşlik edirsiz?
- "Real”a. Hazırda komanda enişdədi ki, bunun da səbəbi var. Florentino Peres kollektivi gəncləşdirmək istəyir. Tikinti maqnatı daha əvvəlki kimi adlara baxıb pulunu xərcləmir. Fikrimcə, Peresin də öz planı var. Məncə, uzağı iki-üç ilə onun yürütdüyü siyasət bəhrəsini verəcək, "Real” yenə zirvədə olacaq.
 

"Real”ın azarkeşi kimi, yəqin ki, "Santyaqo Bernabeu”da olmusuz və komandanın oyununu canlı izləmisiz.
- Dəfələrlə Madriddə olmuşam. Ancaq prinsip üzündən Barselonaya getməmişəm. Ödənişli şəkildə stadion turuna da çıxmışam. Bunun özü bir marketinqdi. İl ərzində stadionu gəzməyə, "Real”ın muzeyinə baş çəkməyə yüzminlərlə turist gəlir. Bütün bunlar isə böyük pullar deməkdi. 
 

Rusiyada doğulmusuz, İran və Gürcüstanda yaşamısız, İngiltərə və Macarıstanda təhsil almısız. Avropada ən çox bəyəndiyiniz ölkə hansıdı?
- Öncə onu deyim ki, mən çox vətənpərvər insanam. Azərbaycanı hər yerdən üstün sayıram. Avropaya gəlincə, elə İspaniyanı deyərdim. İlk növbədə isti ölkədi, dadlı yeməkləri var. Ancaq ispanlar çox tənbəldilər. Onların bir siestası var ki, əsrlərdi ona əməl edirlər. Günortalar mütləq yatmalıdılr. Biz azərbaycanlılar isə zəhmətkeşik.
 

Hobbiniz var? Boş vaxtlarınızı necə keçirirsiz, aktiv istirahətə üstünlük verirsiz, yoxsa passiv?
- Son vaxtlar o qədər gərgin iş qrafiki ilə çalışıram ki... Futbola gələndən sonra, demək olar ki, boş vaxt tapa bilmirəm. Boş vaxtımı daha çox ailə üzvlərimlə keçirməyi sevirəm. Mən, ümumiyyətlə, ailəcanlı, ailəyə bağlı biriyəm. İstirahətə gəlincə, deyərdim ki, passiv istirahəti daha çox sevirəm. Evin sakit bir güşəsinə çəkilib fikrə dalmağı xoşlayıram.
 

Deyəsən, atanız da futbol həvəskarıdı. "Şirvanovka” ilə ev oyununuzdan sonra onun da paltardəyişmə otağına girib futbolçuları təbrik etdiyinin fotosunu görmüşdüm.
- Atam, ümumiyyətlə, idmanı sevir. Hətta qışda soyuq suya da girməkdən çəkinmir. Ancaq hansısa idman növünün azarkeşi olduğunu demək olmaz. Bəzən televizorda aşağı səviyyədə oyun nümayiş etdiriləndə "bu futbol deyil, sadəcə, futbolun parodiyasıdı” deyib, matça baxmır. Ancaq deyəsən, mən onu da yavaş-yavaş xəstələndirirəm. O həmişə həyatda dəstək olub. Mən də hər zaman onun dəyərli məsləhətlərinə əməl etməyə çalışıram. Ailəmiz idmansevərdi.
 

Film izləməyi sevirsiz?
- Bəli, böyük məmnuniyyətlə maraqlı filmlərə baxıram.
 

Son izlədiyiniz film hansı olub?
- "Yaşıl kitab”. Filmdə qaradərili insanların ötən əsrin ortalarında cəmiyyətdən diskriminasiya olunmasından danışılır. Ümumiyyətlə, son illərdə bu məsələ çox aktuallaşıb. Hərdən mənə elə gəlir ki, bir neçə ildən sonra artıq ağ adamlar eyni aqibəti yaşayacaq. Bəziləri cəmiyyətdə elə təsəvvür formalşdırmağa çalışırlar ki, sanki dərisi qara olanlar hər zaman təqiblərə məruz qalırlar. Bəli, belə olub. Ancaq hər şey ötən əsrdə qalıb. 
 

Deyəsən, gündəlik həyatda yaşananlarla da maraqlanır, dünyada baş verən prosesləri yaxından izləyirsiz.
- Zamanla ayaqlaşmaq lazımdı. Müasir dövr bunu tələb edir. Mən Macarıstanda tələbə olarkən də daim ictimai işlərdə fəal olmuşam. Həmin illərdə Ramil Səfərov Macarıstanda həbs olunmuşdu. Onun hər məhkəməsindən öncə Budapeştdə oxuyan və yaşayan gəncləri bir araya gətirib, öz pulumla onları məhkəməyə aparırdım ki, orda tək qalmasın. Düzdü, səfirliyimiz də bu işdə çox fəal idi. Budapeşt məhkəməsində zal iki hissəyə ayrılır. Bir tərəfdə ittiam olunanın, digər yarıda isə zərərçəkmişin adamları otururdu. Mən onda gördüm ki, ermənilər bir-birinə necə dəstək verirlər. Məhkəməyə Macarıstanla yanaşı, Avstriyadan, Almaniyadan və başqa ölkələrdən ermənilər gəlirdi. Ona görə azərbaycanlı gəncləri başıma toplayıb proseslərdə iştirak edirdik. Dəfələrlə Səfərovun qardaşını qarşılayıb Budapeştdə lazımi yerlərə aparmışam. Hər dəfə Azəbaycandan Macarıstana dönəndə Ramil bəyə ayrıca sovqat hazırlatmışam. Dəfələrlə universitetdə Xocalı faciəsi ilə bağlı tədbirlər keçirmişik, Qarabağ həqiqətlərini avropalılara çatdırmağa çalışmışıq.
 

Yəqin ki, mütaliə ilə də aranız yaxşıdı.
- Kitab oxumağı da çox xoşlayıram. Xüsusilə də kalssikləri. Yeni yazarlardan oxumuram. Hətta arada olur ki, bir neçə il əvvəl oxuduğum kitabı yenidən oxumaq həvəsi yaranır məndə. Hər dəfə də özüm üçün yeni nəsə kəşf edirəm. Rus, ingilis, fransız dillərini bildiyimdən əsərləri orijinaldan oxumaq daha ürəyimcədi. Dostoyevskini çox bəyənirəm. Mənim fərd kimi formalaşmağımda valideynlərimlə yanaşı, Dostoyevskinin də böyük rolu var. Onun bir əsərində təxminən "şeytan hər xırda detalda gizlənə bilər” formasında bir cümlə var. Mən də çalışıram ki, bir işi görəndə hər xırda nüansa fikir verim. Nəyisə gözdən qaçırıb, bir neçə ildən sonra onun acısını çəkmək düz deyil. Bunun üçün ilk növbədə hər işdə düz olmalısan, insanlarla elə münasibət qurmalısan ki, sonda sənə arxadan zərbə vurmasınlar. Keçmişə boylananda şərəfli ömür yaşadığını görüb, heç nəyə heyfslənməmək vacibdi. 
 

Azərbaycanda səfər etdiyiniz bölgələrdən ən çox haranı bəyənmisiz?
- Hər rayonun özünəxas ab-havası, təbiəti və insanları var. Ona görə də hansısa bölgəni xüsusi fərqləndirmək istəmirəm. Mənim üçün vətənimin hər güşəsi, dünyanın ən gözəl məkanından daha doğma və əzizdi. (Sportinfo.az)

Xəbər xətti