Riad Rəfiyev: "Uşaq futboluna ayrılan pulun əcnəbilərə xərclənməsi düzgün deyil" MÜSAHİBƏ

13:29 - 12 Mart 2019

AFFA Klublar Komitəsinin sədri və "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev komitənin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az "Report"a istinadən həmin müsahibəni təqdim edir.

 

- İclasda əsas müzakirə obyekti nə oldu?

- Bu gün təxminən 11-12 sual oldu. Əvvəlki toplantılardan daha çox məsələ müzakirə edildi. Bizimlə birlikdə AFFA-nın baş katibi Elxan Məmmədov və PFL-in nümayəndələri də iclasda iştirak edirdilər. Bildiyiniz kimi, bu il AFFA tərəfindən klublara təxminən 1 milyona yaxın vəsait ayrılıb. Bu məbləğ uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub. İlk olaraq bunun hesabatı oldu, pulun hara xərcləndiyi ilə bağlı danışıldı. Çünki klubların qış transfer dönəmində heyətlərinə xeyli sayda əcnəbi futbolçu cəlb etmələri anlaşılmazlığa səbəb olub. İclasda bunun yaxşı hal olmadığı vurğulandı. Bundan başqa, "Neftçi" klubu tərəfindən 4-5 məsələ qaldırıldı. Əsasən oyun vaxtı və görüşdən əvvəl bir neçə protokol qaydaları məsələsinə baxıldı. Bildiyiniz kimi, hər matçdan əvvəl gündəlik proqram olur. Komandanın oyun günü neçə saat öncədən stadiona gəlməsi, neçə dəqiqə məşq etməsi və s. Bizdə klublar bu məsələyə fərqli yanaşırlar. Danışıq oldu ki, bunu təkmilləşdirmək üçün hər kluba oyunun gündəlik proqramı verilsin və komandaların yanaşma tərzi eyni olsun. Elxan müəllimlə onu da danışdıq ki, bu il klublara AFFA tərəfindən 50, növbəti mövsüm isə 100 "Nike" topu veriləcək.

 

- "Neftçi" ilə son oyunun ardından "Sumqayıt" tərəfi hakimlikdən narazı idi. Necə düşünürsünüz, hakimlər tərəfindən komandanıza qarşı ədalətsizlik var?

- Düşünmürəm ki, çempionatda hansısa komandaya qarşı qərəzli mövqe tutulur, hakimlər kiməsə qarşı qəsdən nəsə edirlər. Hakim səhvləri olub, bundan sonra da olacaq. Bu, təkcə Azərbaycanda deyil, hər yerdə belədir. Amma inkişaf etmək istəyiriksə, bir-birimizə kömək etməliyik.

 

- Uşaq futboluna yatırımla bağlı məsələdə əsas tövsiyələr nə oldu?

- Həmin pul sırf uşaq futboluna ayrılıb və hər klub öz hesabatında hara xərclədiyini göstərməlidi. Anlaşılmaz məqam "transfer pəncərəsi" dönəmində xeyli sayda oyunçunun alınması oldu. Halbuki bundan əvvəl heç vaxt qış fasiləsində bu qədər transfer olmamışdı. Söhbət zamanı vurğulandı ki, həmin pulların əcnəbilərə xərclənməsi düzgün addım deyil.

 

- 1996-97-ci il təvəllüdlü futbolçular bu mövsüm də 21 yaşadək oyunçu limitində saxlanıldı. Növbəti mövsüm üçün hansı yaş qrupu nəzərdə tutulacaq?

- Bu məsələyə görə qərara gəldik ki, aprelin 16-da keçiriləcək növbəti iclasa milli komandaların məşqçilərini də dəvət edək. Onların da bu barədə fikirlərini öyrənmək istəyirik. Ümumiyyətlə, çalışırıq tez-tez görüşək. Çünki müzakirə ediləsi məsələlər çoxdur. Kimsə düşünə bilər ki, bunlar xırda məsələlərdir. Amma heç də belə deyil.

 

- Klublar son vaxtlar verilən bəzi cəzalardan narazıdılar. Bununla bağlı söhbət oldumu?

- Bunu keçən iclasımızda müzakirə etmişdik. Bu gün də danışdıq. Növbəti mövsümdən dəyişikliklər olacaq.

 

- Rəhbərlik etdiyiniz "Sumqayıt"ın çempionatda sonuncu pillədə qərarlaşması sizi narahat etmir?

- Son pillədən qurtulmaq üçün bu amil bizə əlavə stimul verir. Hətta 5-ci yerdə gedən komanda ilə xal fərqi böyük deyil. İrəlidə 8 tur var. Daha yaxşı oynamağa çalışırıq.

Xəbər xətti