Yurçeviçin suallar doğuran siyahısı QEYD

Qurban Qurbanovun gedişi, Nikola Yurçeviçin gəlişi ilə milli komandanın irəliyə doğru addım atacağını gözləmək sadəlöhvlükdür. Hər halda, Azərbaycanın ən uğurlu məşqçisinin yerinə hansısa köməkçini gətirərək olmayan, kasad materialla uğur qazanmaq dəryada damla axtarmağa bərabərdir. Yurçeviçin Slaven Biliçin köməkçisi olması onun həmkarı qədər üstün futbol biliklərinə malik olması anlamına gəlmir. 


Xorvatın Azərbaycanda keçirdiyi ilk mətbuat konfransında tək-tənha təqdimata göndərilməsi ona AFFA-nın da ümid bəsləmədiyi təəssüratını yaradırdı. Əslində, həmin mənzərədən sonra federasiyamızı yaxşı tanıyan hamı kimi mən də düşünürdüm ki, millinin heyətini çətin ki, Yurçeviç müəyyənləşdirsin.

 
Nəhayət ki, komandamıza dəvət alanların adları açıqlandı. Ətrafımda olan əskəriyyətin açıqlanan siyahıya təəccüblənməsi heç də təəccüblü deyildi.  

 

Çağırılanlar

 

Başlayaq Elxan Məmmədovun “Sumqayıt”ından dəvət alanlarla. Riad Rəfiyevin prezidenti olduğu klubdan kimsə dəvət almasaydı, bax, o təəccüblü olardı. Aleksey İsayev və Əli Babayev yığmanın xorvatlara qarşı “döyüşü”ndə iş başında olmağa namizədlərdir. Aleksey İsayev mövsümün əvvəlində “gənclik şəhəri” təmsilçisində o qədər mükəmməl oynayırdı ki, hamı onu “mövsümün tapıntısı” adlandırırdı. Lakin gənc yarımmüdafiəçinin qış fasiləsindən sonrakı oyunu startdakı oyunu ilə tərs mütənasibdir. Futbolçu başlanğıcda nə qədər yaxşı oynayırdısa, indi bir o qədər zəif çıxış edir. Əli Babayevin çıxışı haqqında isə deyiləcək söz yoxdur. Ən azından onun çağırılması milliyə hörmətsizlikdir. Əminəm ki, İsrailə sevgisi ilə öyünən Əmir Ağayev “Sumqayıt”ın düşərgəsinə bir az tez qoşulsaydı, yəqin o da bu gün Yurçeviçin “siyahısı”nda olardı. 

 

Şahruddin Məhəmmədəliyevin hansı əsaslarla milli komandaya dəvət edilməsi cavabı olmayan sualdır. Əslində, Qurban Qurbanovun da belə qapıçıya güvənməsi həmişə müzakirə mövzusu olub.  

 

Anton Krivotsyuk “Neftçi”də normal və ya bir az yaxşı çıxış edə bilər.  Ümumiyyətlə, Azərbaycan Premyer Liqası hazırda elə vəziyyətdədir ki, burada bir az istedadın olsa, ulduza çevirilmək mümkündür. Zaman-zaman bunu ayrı-ayrı futbolçularda görürürük. Amma Krivotsyukun milli səviyyəsində çağırılacaq potensiala malik olduğu sadəcə, Yurçeviçin kəşfidir.

 
Şəhriyar Rəhimov böyük ehtimalla, Təmkin Xəlilzadənin əvəzləyicisi kimi yığmaya dəvət alıb. Amma istənilən halda Xəlilzadənin əvəzləyicisi kimi daha gənc oyunçulara şans vermək mümkün idi.

 

Ən maraqlı məqam isə Eddi İsrafilovla bağlıdır. Berti Foqtsun və Robert Prosineçkinin vaxtında heyətdə yer alan anqola əsilli Azərbaycan yığmasının üzvü heç nə ilə yadda qalmamışdı. İspaniyada da klubları əlcək kimi dəyişən yarımmüdafiəçidə Yurçeviç yenidən hansı istedadı kəşf edib maraqlıdır. 

 

Çağırılmayanlar

 

Qapıdan başlasaq, “Zirə”də sabit çıxış edən, kapitan, liderlik keyfiyyətləri ilə seçilən Kamal Bayramov Şahruddindən daha üstündür. Keçirdiyi oyun sayı, oyun təcrübəsi onun çağırılmasını şərtləndirən amil idi. 

 

“Qəbələ”dən heç bir futbolçunun dəvət almaması, gülünc görünür. Əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov hər zaman xüsusi oyunu ilə seçilib. Bəlkə bəzən Hüseynov fiziki formasından müəyyən qədər uzaq ola bilər, lakin oyun tərzi hər zaman komandamızın işinə yyarayacaq səviyyədədir. Bu gün mövqeyində oynayanlar arasında ən yaxşılardan biridir. 

 

Krivotsyukun dəvət aldığı komandaya Bəhlul Mustafazadə mütəq çağırılmalı idi. Ən azından “Qəbələ” kimi komandanın çempionatda mərkəz müdafiəçisi olaraq bütün oyunlarda meydana çıxmaq hər gənc oyunçuya nəsib olmazdı.


Cavid İmamverdiyevin yığmaya çağırılmaması sual doğuran məqamdır. Niyə? Ən azından “Sabah” kimi mövsümə yeni başlayıb, bir çox komandalara qarşı iddialı çıxış edən klubda kapitan olan yarımmüdafiəçi siyahıda olmağı haqqı edirdi. Üstəlik, İmamverdiyev nə Aleksey İsayevdən, nə Əli Babayevdən zəif çıxış edir. 

 

Əsas məqam isə Rahid Əmirquliyevlə bağlıdır. Millinin illərlə şərəfini qorumuş “Səbail”in hazırki kapitanı mövsümü çox yaxşı səviyyədə keçirir. İkinci dövrədə komandası üçün xeyli iş görən, qələbələrdə böyük əmək sahibi olan futbolçunun heyətdə yer almamasını ona qarşı haqsızlıq adlandırsaq, yanılmarıq. 

 

Ağabala Ramazanov da bu mövsüm, xüsusən çempionatın ikinci yarısında diqqətləri xeyli üzərinə çəkə bilib. “Səbail”də yetəri qədər yaxşı çıxış edən forvard da Yurçeviçin toplanışında iş başında ola bilərdi. 

 

Şəhriyar Rəhimovu yığmaya çağıran Yurçeviç hər halda “Zirə”nin matçlarını izləməyib. İzləsəydi, böyük ehtimalla, Tellur Mütəllimovun Rəhimovdan zəif olmadığını bəlkə görə bilərdi.

 

Sportal.az

Tarix: 15 Mart [11:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Mart 2019
23  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio