Ansi Aqolli: "Doğru addım atdığımı düşünürəm" MÜSAHİBƏ

"Qarabağ”la vidalaşan Ansi Aqolli Azərbaycan Premyer Liqanın 21-ci turunun “Səbail”lə oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az 36 yaşlı müdafiəçinin müsahibəsini təqdim edir:

 

- “Qarabağ”da vida oyununuz idi. Meydana çıxmadınız, komandanız qalib gəldi. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Qələbə hər zaman xoşdur. Amma xüsusilə bu məqamda “Qarabağ”dan qələbə ilə ayrılmaq ikiqat sevindiricidir. Bugünkü 3 xal mənə daha yaxşı əhval-ruhiyyə verdi.

 

- Bu gün oynamadığınız üçün üzülmədiniz?

- Xeyr, buna görə məyus olmadım. 317 dəfə “Qarabağ”ın forması ilə meydanda olmuşam. Bu, mənim üçün hər şey deməkdir.

 

- Təkcə ailənizə görə “Qarabağ”dan ayrılırsınız, yoxsa başqa səbəb də var?

- Təbii ki, ailə amili böyük rol oynayır. Onlar ABŞ-da yaşayır. Ona görə də həyatımla bağlı düzgün qərarlar qəbul etməliyəm. Bu baxımdan, doğru addım atdığımı düşünürəm. Bir gün elə, bir gün belə, həyat davam edir. İstəməsən belə, hərdən bəzi şeyləri etmək məcburiyyətində qalırsan. Nəyinsə başlanğıcı olduğu kimi, sonu da olmalıdır.

 

- Ümidiniz varmı ki, nə vaxtsa yenidən “Qarabağ”a qayıdacaqsınız?

- “Qarabağ” düzgün yoldadır, mən onlara inanıram. Bu il də çempion olmalarını istəyirəm. “Qarabağ” fərdlərdən ibarət deyil, bir sistemdir. Bunu Qurban Qurbanov formalaşdırıb. Bu, gələcəyə hesablanmış bir sistemdir.

 

- Necə düşünürsünüz, “Qarabağ”da nə qazandınız?

- Ən yadda qalanı 2014-cü ildə qazandığımız çempionluqdur. Mən bu komandada insanların sevgisini qazandım.

 

- Bundan sonra sizi “Qarabağ”ın Amerikadakı səfiri, nümayəndəsi adlandıra bilərik?

- Niyə də olmasın?!

 

- Qarabağ həqiqətlərini orada da insanlara çatdırmağı düşünürsünüzmü?

- Əlbəttə.

Tarix: 15 Mart [20:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Mart 2019
23  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio