Emin Mahmudov: "Yəqin ki, Səlahətin qələbələrimizdə pay sahibi olduğunu unudub" MÜSAHİBƏ

22:02 - 15 Mart 2019

Azərbaycan Premyer Liqasının 21 -ci turunda evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edən "Neftçi"nin kapitanı Emin Mahmudov oyundan sonra jurnalistlərə müshaibə verib.
 
Sportal.az 26 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
 
- Bu nəticə “Neftçi”ni qane etmir. Fikirləriniz necədir?
- Əlbəttə, qane etmədi. Qələbə qazanmaq istəyirdik. Yaxşı oynayırdıq. “Qəbələ”də bir şans oldu və qol vurdular. Daha çox qol epizodu yaradırdıq, hücumlar edirdik. Sadəcə, bizdə son nöqtəni qoymaq çatmırdı.
 
- “Qarabağ” “Səbail”i məğlub edib. Kənardan “Neftçi”də təzyiq olduğu görünürdü. Bu, həqiqətən də belə idi?
- Üzərimizdə təzyiq yox idi. Keçirdiyimiz oyunlarda qalib gəlməliyik. Hər oyun “Qarabağ”ı düşünsək, axırda heç nə olmaz. Hələ sona 7 tur qalıb. Gözləyə bilmərik ki, “Qarabağ” hər tur uduzsun. Bəlkə də bundan sonra bütün oyunlarda qalib gəldilər, bilmək olmaz. Biz yalnız özümüzü fikirləşirik. Düşünmürük ki, “Qarabağ” uduzacaq, ya da qalib gələcək.
 
- Artıq xallar bərabərləşib. “Neftçi”nin işinin daha da çətinləşdiyini demək olar?
- Eyni vəziyyətdə qalmışıq. İki xal öndə olanda, biz uduzsaq və onlar qalib gəlsələr, bizi keçirlər. Bununla da hər şey bitir. Hər oyunda çıxıb oynayıb, qələbə qazanmaq lazımdır.
 
- Qarşıda milli komandaların oyunları ilə bağlı fasilə yaranacaq. Bu qrafik “Neftçi”yə necə təsir edəcək?
- İnşallah, yaxşı təsir edər, bir az dincələrik. Futbolçular bəlkə özlərinə gələr. 6-7 oyun bizim üçün çətin keçdi. İnşallah, fasilədən sonra yaxşı çıxış edərik.
 
- Mövsüm ərzində stabil çıxış edən Səlahət Ağayev bu gün buraxılan qolda səhvlə yadda qaldı. Sizcə, bu, ona necə təsir edəcək?
- Məncə, ona təsiri olmaz. Bizim birinci yerdə olmağımızda Səlahətinn rolu var. Hər oyunda azı 2-3 möhtəşəm qurtarış edir. Bir oyuna görə nə deyək? Orda bəlkə də bir-birlərini başa düşmədilər. Liderik və daha çox onun hesabına burdayıq.
 
- Səlahət Ağayev oyun bitəndə azarkeşlə mübahisə edirdi. Fanat buraxılan qola görə etiraz edirdi?
- Buraxılan qola görə idi. Yəqin unudub ki, Səlahət nə qədər qurtarışlar edərək, qələbələrimizdə iştirak edib. Bir oyuna görə onun üzərinə belə getməyini başa düşə bilmirəm. Hər oyun bizi birinci yerə aparıb. Bəlkə müdafiəçi ilə anlaşmadılar. Ona belə sözlər demək və üzərinə getməyi anlamıram.
 
- Milli komandanın heyəti açıqlandı və yeni adlar var. Nikola Yurçeviçin debütü olacaq və çoxları düşünür ki, yığmamızın Xorvatiyaya yenə 0:6 hesabı ilə uduzacaq. 
- Mənim fikrim belə deyil. Həmişə inanmaq lazımdır. Demirəm ki, gedib xorvatlara 1-2 top vuracağıq. Lakin əlimizdən gələni edəcəyik. Başa düşürük ki, rəqib Xorvatiyadır. Onlar son dünya çempionatında 2-ci yeri tutublar. Çalışacağıq ki, əlimizdən gələni edək.

Xəbər xətti