Xorvatiya millimizlə oyun üçün bir araya gəldi: heyətdə problemlər var

11:37 - 18 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanı qəbul edəcək Xorvatiya yığması Zaqrebdə bir araya gəlib.

 

Sportal.az tportal.hr saytına istinadən xəbər verir ki, "damalılar" tam tərkiblə hazırlaşmır.

 

Şime Vrsalko, Josip Pivariç, Marko Pyatsa, Tin Yedvay və İvan Ştriniç zədə səbəbindən kənarda qalıblar. Bundan əlavə, Deyan Lovren cəza səbəbindən yığmamızla oyunu buraxmalı olacaq. Matey Mitroviçlə Ante Rebiç də zədəlidir. Rebiç Almaniya Bundesliqasında "Ayntraxt"ın heyətində son turda 15 dəqiqə meydanda olub. Rebiçə millimizlə oyunda start heyətdə şans veriləcəyi ehtimalı çox azdır.

 

Daliç millimizlə oyunda müdafiənin mərkəzində Domaqoy Vida və Duye Çaleta-Çara şans verəcək. Müdafiənin cinahlarında oynamağa Karlo Bartolets, Hrvoe Miliç, Borna Barişiç, Marin Leovats namizədlərdir.

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək. Xorvatlar bundan 3 gün sonra Macarıstanın qonağı olacaq.

Xəbər xətti