Fərid Nəbiyev Praqa derbisində "Slaviya"ya qələbə qazandırdı

00:31 - 19 Mart 2019

Çexiya Gənclər Liqasında 22-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Sparta" klubu 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya"nı qəbul edib. Əzəli rəqiblərin duelindən qonaqlar 2:1 hesablı qələbə ilə ayrılıblar. Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, "Slaviya" geri dönüş etməyi bacarıb.

 

Praqa derbisinin iştirakçısı olan həmyerlimiz uğurlu və məhsuldar oyunla yadda qalıb. İlk qolun ötürməsini verən "Qəbələ" Futbol Akademiyasının yetirməsi ikinci qolu rəqib qapısından özü keçirib.

 

Qeyd edək ki, bu, Fərid Nəbiyevin cari mövsümdə vurduğu 12-ci qoldur. O, bu göstərici ilə bombardirlər sırasında 2-cidir.

Xəbər xətti