Çaleta-Çar: "Azərbaycan təhlükəli və xoş olmayan rəqibdir"

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan milli komandaları ilə qarşılaşacaq Xorvatiya yığmasının müdafiəçisi Due Çaleta-Çar açıqlama verib.

 

Sportal.az "germanijak.hr" saytına istinadən xəbər verir ki, Fransanın "Marsel" klubunda çıxış edən 22 yaşlı mərkəz müdafiəçisi oyunlara ciddi yanaşdıqlarını deyib: "Biz Azərbaycanı evdə məğlub etmək və hansısa stresə düşmədən seçmə mərhələyə başlamaq istəyirik. Uğursuz startların ənənəsini dayandırmalıyıq. Müdafiə olunanda diqqətli olmalıyıq, oyuna yaxşı köklənməsək, problemlər yaşaya bilərik. Kağız üzərində asan görünə bilər. Əslində, bizə qarşı rəqiblər müdafiədən oynayacaq və bu da çətinlik yarada bilər".

 

Çaleta-Çarın Domaqov Vida ilə müdafiənin mərkəzində yer alacağı gözlənilir. Gənc müdafiəçi Vidayla birgə heç vaxt oynamadığını bildirib: "Vidayla birgə heç vaxt çıxış etməmişəm. Ancaq "Marsel"də son iki ay ərzində sabit oynayıram. "Marsel"də ilk iki ay çətin oldu. Lakin indi avrokuboklar üçün yarışırıq. Mario Balotelli ilə hər günümüz əyləncəli keçir. Onun gəlişi komandamızı gücləndirdi".

 

Xorvatiyalı müdafiəçi millimizin cinahlarda güclü olduğunu bildirib: "Azərbaycan təhlükəli və xoş olmayan rəqibdir. Cinahlarda sürətli futbolçulara malikdirlər. Əks-hücumlarda da yaxşıdırlar. Lakin oyuna yaxşı köklənsək, problem olmayacağını düşünürəm".

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək. Bundan 3 gün sonra "damalılar" Macarıstanın qonağı olacaq.

Tarix: 20 Mart [00:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Aprel 2019
24  Aprel 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio