Kamal Quliyev: "Azarkeşlər gördü ki, bunlara milli komanda lazım deyil" MÜSAHİBƏ

13:49 - 20 Mart 2019

Azərbaycan milli komandasının sabiq futbolçusu Kamal Quliyev Sportal.az saytına müsahibə verib.
 
42 yaşlı mütəxəssis milli komandamızın AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Xorvatiya ilə səfər görüşü barədə suallara cavab verib.
 
- Millimiz sabah seçmə mərhələdə ilk oyununa çıxacaq. Xorvatiya ilə matçda gözləntiniz nədir?
- Hər oyuna qələbə əzmiylə çıxırıq. Əvvəlcədən uduzmaq düşüncəsiylə oyuna yanaşmaq olmaz. İlk oyundan yararlana bilərik. Xorvatiyanın bizə yuxarıdan aşağı baxmağından istifadə edə bilərik. Bizdə başqa seçim yoxdur. Xovatiya güclü, qüdrətli bir komandadır. Keyfiyyət baxımından bizi birbaşa üstələyirlər. Onların heyətində dünya ulduzları cəmləşib.
 
- Zaqrebdə sürpriz reallaşa bilər?
- Futbol sürprizlərlə dolu idman növüdür. Mən də azərbaycanlı kimi istəyirəm ki, bu oyunda qalib gələk. Bunu nə dərəcədə istədiyimiz 90 dəqiqə ərzində baş verəcək.
 
- Reallıqları nəzərə alsaq, xal almağımız mümkündür?
- Xeyr, qətiyyən! Bizim Zaqrebdən xal gətirməyimiz mümkün deyil. Reallıq bunu söyləyir.
 
- Nikola Yurçeviçin ilk heyəti geniş müzakirələrə səbəb oldu. Formada olan bir neçə futbolçu kənarda qaldı. “Qəbələ”dən isə heç kəs yığmaya çağırılmadı.
- Baş məşqçi həm qələbəyə, həm də məğlubiyyətə cavabdeh şəxsdir. Oyundan sonra onun heyət seçimində səhv edib-etmədəyini müzakirə etmək olar. Ancaq “Qəbələ”nin təcrübəli və yaxşı gənc futbolçuları var. Bu komanda hər il avrokuboklarda çıxış edir. Futbolçuları da püxtələşib. Bunları nəzərə almaq lazımdır. Seçim Nikola Yurçeviçə məxsusdur. Oyundan sonra daha geniş danışa bilərik.
 
- Hesab proqnozunuz necədir?
- Futbolda hər şey ola bilər. İstəsələr, hər qapıya gedən zərbə qol da ola bilər. Biz yəqin ki, əks-hücumlara bel bağlayacağıq. Ancaq əks-hücumlarda Zaur Tağızadə kimi yaxşı silahımız var?
 
- Milli komandaya azarkeşlərin və futbol ictimaiyyətinin inamı heç qalmayıb. Əksəriyyət böyük hesablı məğlubiyyət gözləyir.
- Gördülər ki, iş getmir və burada başqa “oyunlar” var. Şahid oldular ki, bunlara oyun, milli komanda lazım deyil. Ona görə də bu addımı atırlar. 
 
Mehman Əşrəfov

Xəbər xətti