Xorvatiya ilə oyuna doğru: Nikola Yurçeviç hansı 11-liyə güvənəcək?

16:12 - 20 Mart 2019

Millimiz sabah AÇ-2020-nin seçmə mərhələsində ilk oyununa çıxacaq. Novruz bayramı günlərində yığma komanda Xorvatiyanın qonağı olacaq.

 

Yəqin ki, Zaqrebdən əliboş qayıdarıq. Atacağımız papağa qoz qoyulması müşkül məsələdir. Uğursuz çıxışların ardından milliyə olan inam bir qədər azalıb. Yeni baş məşqçi Nikola Yurçeviçə güvənənlər olduqca azdır. 10 ildən çoxdur ki, milli komandalarda sistemli plan yoxdur və hər ötən gün quyunun dibinə düşürük.

 

Rəqib isə sıradan komanda deyil. Xorvatiya son dünya çempionatında 2-ci yeri tutub. Səfərdə 1 xal qazanmaq belə möcüzə olar.

 

“Maksimir”dəki oyuna baş məşqçi Nikola Yurçeviç həmyerlilərinə qarşı hansı 11-liyi meydana buraxa bilər?

 

52 yaşlı mütəxəssis 4-2-3-1 taktiki sxeminə üstünlük verir. Bu səbəbdən yığmamızın da bu sxemlə oynayacağını gözləmək olar.

 

Çərçivənin Səlahət Ağayevə əmanət ediləcəyini gözləniləndir.

 

Müdafiə xəttində Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov və Təmkin Xəlilzadənin oynayacağını təxmin etmək olar.

 

Müdafiəçilərdən öndə Qara Qarayevlə Riçard Almeyda tandem təşkil edəcək. Yarımmüdafiənin cinahlarında Dmitri Nazarovla Mahir Mədətov, mərkəzdə isə Emin Mahmudov çıxış edə bilər.

 

Hücum xəttində isə Ramil Şeydayev yer alacaq.

 

Qapı xəttində Səlahətə Emil Balayev alternativ ola bilər.

 

Müdafiənin mərkəzində Rahil Məmmədova şans verilməsə, yəqin ki, həmin mövqeydən Anton Krivotsyuk çıxış edəcək. Bundan əlavə, Maksim Medvedevin də mərkəzə çəkilməsi baş verə bilər. Lakin Pavel Paşayevin olmadığını nəzərə alsaq, bunun baş verəcəyini gözləmək çətindir.

 

Dmitri Nazarov əvvəlki formasında uzaq olduğundan ilk 11-likdə yer almamaq ehtimalı da var. Belə halda, Namiq Ələsgərov və Araz Abdullayev var.

 

Hücüm xəttində son oyunlara nəzər yetirəndə Şeydayevin yaxşı formada olduğunu demək olar. Rüfət Dadaşov isə son 11 oyunda qol vurmur və irəli xəttə rəng qatacağını demək çətindir. Rüfətlə müqayisədə Mirabdulla Abbasov daha yaxşı alternativdir.

 

Sportal.az

 

Xəbər xətti