Filip Ozobiç Azərbaycan millisində oynayacaq? - "Danışmaq hələ erkəndir"

17:40 - 20 Mart 2019

"Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportal.az "24sata.hr" saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu sabah AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan matçı ilə bağlı suallara cavab verib. Ozobiç millimizin heyətində Riçard Almeydanı xüsusi fərqləndirib:

 

- Azərbaycan millisinin ən yaxşısı Riçard Almeydadır. O, mənimlə "Qarabağ"da birgə çıxış edir. Oyuna mükəmməl nəzarət edir və yaxşı baxarığa malikdir. Ramil Şeydayev? Mən onu elə də yaxşı tanımıram. Ona görə də haqqında nəsə deyə bilmərəm. 

 

- Komanda yoldaşlarınız sizdən Xorvatiya barədə soruşublar?

- Onsuz da hamı Xorvatiyanın favorit olduğunu bilir. Onlarla eyni meydana çıxmaq möhtəşəm hissdir. Komanda yoldaşlarımla bu oyun barədə danışmışıq. Hər kəs Xorvatiyanın hansı potensiala sahib olduğunu bilir. Buna görə də məndən elə də ətraflı məlumat istəmədilər.

 

- Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç və onun köməkçisi Mario Tokiçlə görüşmüsünüz?

- Azərbaycana gələndə onlarla tanış oldum. Ancaq çox danışa bilmədik. Seçmə mərhələnin oyunlarından sonra görüşmək barədə razılaşmışıq.

 

- Azərbaycan yığma komandasında oynamaq variantınız var?

- Burada 3-cü ilimi keçirirəm. Belə şeylər barədə danışmaq hələ erkəndir. Pasport almaq üçün 5 il burda olmalıyam. Nələr olacağını birlikdə görəcəyik.

 

- Karyeranız ərzində bir çox xorvatiyalı futbolçu ilə çıxış etmisiniz. Onlardan kimsə sizdən Azərbaycanla bağlı maraqlanıb?

- Bəli, çoxlu xorvatiyalı futbolçu ilə U-21 millisində birgə oynamışam. Lakin məndən kimsə nəsə soruşmayıb. Buna görə də Azərbaycanla oyuna necə hazırlaşdıqlarını bilmirəm. 

 

- Azərbaycan millisinin üstün cəhətləri nədir?

- Bu barədə nəsə demək çətindir. Komandanın yeni baş məşqçisi var. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun gedişindən sonra Yurçeviç millinin çalışdırıcısı oldu. Onun ilk matçı məhz Xorvatiyaya qarşı olacaq. Azərbaycanın necə oyun keçirəcəyini birgə görəcəyik. Hər məşqçinin öz oyun stili var.

 

- Azərbaycanda Xorvatiya barədə nə düşünürlər? Onlar dünya çempionatında Xorvatiyaya azarkeşlik edirdilər?

- (gülür) fikrimcə, çoxu Xorvatiyaya azarkeşlik edirdi. Azərbaycanda çoxlu insan Xorvatiyanı dəstəkləyirdi. Hər kəsin bizdən xoşu gəlirdi. Yalnız 1/4 finalda Rusiya ilə oyunda çoxları meydan sahiblərinə dəstək oldu.

Xəbər xətti