Əli Babayev: "Azərbaycan millisinin formasında İsraili də təmsil edəcəm" MÜSAHİBƏ

09:00 - 21 Mart 2019

Milli komandamızın və “Sumqayıt”ın yarımmüdafiəçisi Əli Babayev İsrail mətbuatına müsahibə verib.
 
Sportal.az "one.co.il" saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Azərbaycan millisini seçməsiylə yanaşı, digər suallara da cavab verib.
 
- Asan qərar olmadığını bilirik. Nəhayət, Azərbaycan milli komandasını seçdiniz.
- Bəli, qərar heç də asan olmadı. Azərbaycana ilk gəldiyim gündən bütün həyatım boyunca burada böyüdüyümü hiss etdim. Həqiqətən də Bakıdan çox xoşum gəlir. Burada həyat əyləncəlidir və şəhər çox gözəldir. İsraili hər zaman sevirəm, bu məsələdə heç bir problem yoxdur. İsrail hər zaman qəlbimdə qalacaq. Təbii ki, bu seçimimdə ailəmlə məsləhətlərim olub. Mənfi və müsbət cəhətləri hesabladıq.
 
- Ailədən addımına qaşrı çıxanlar olub. Bəs seçimindən sonra nə düşünürlər?
- Onlara qarşı çıxmamışam. Yenə də İsraili çox sevirəm və qəlbimdə qalacaq. Bəli, ailədə fikirlər haçalandı. Düşünməli olduğumuz çox məsələ var idi. Sonda qərarımı ailəmlə birgə verdim və bundan məmnunam.
 
- İsrail millisinə dəvət almadığınız üçün ürəyinizdə bir inciklik var?
- Əlbəttə, ürəyimdə belə hiss var. Aşağı yaş qruplarında oynamışam və hamıda olduğu kimi, mənim də əsas yığmada oynamaq arzum var idi. Qərarla peşəkarlığa söykənsə də, “Hapoel Raanana”da bəzi komanda yoldaşlarım da daxil olmaqla milliyə dəvət almırdı.
 
- Azərbaycanın tərəfinin təklifini qəbul etməkdən başqa çarənizin olmadığını gördünüz?
- Azərbaycanın təklifi qəbul etməkdən başqa seçimimin olmadığını düşünürəm. Onlardan təklif aldım. Azərbaycanı çox sevirəm və bir neçə il də burada oynamağa davam edəcəyimi düşünürəm. Buna görə də Azərbaycan yığmasında oynamağa qərar verdim. 
 
- Bu qərardan sonra sizi satqın, xain adlandıranlar var. Hətta Kenni Sayeflə (ABŞ millisində oynayan İsrail əsilli futbolçu) müqayisə edənlər də çoxdur. Bunları eşitmək üzücü gəlmədi?
- Bunlar barədə mətbuatda və digər yerlərdə heç oxumamışdım. Bu, məni maraqlandıran bir şey deyil. Hər insanın şəxsi qərarları var. Düşündüyünü söyləmək isə hər kəsin haqqıdır. Xəyanət etmiş kimi hiss etmirəm və buna yaxın da deyiləm. İnsanlar öz işləriylə məşğul olmalı və digərlərini mühakimə etməməlidirlər. Bu, doğru deyil.
 
- Hazırda millinin düşərgəsindəsiniz. Azərbaycan yığmasının səviyyəsi necədir?
- Çılğın bir atmosfer var. Hər şey peşəkar səviyyədə təşkil edilib. Xorvatiyalı mütəxəssislərin rəhbərlik etdiyi komanda üst səviyyədədir. Həkimlər, rəsmilər, bir sözlə, elə bir başqa dünyadır. Çox maraqlıdır.
 
 
- AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Macarıstan və Slovakiya ilə çətin qrupda yer almısınız. Hədəf nədir?
- Bəli, işimiz heç də asan deyil. Ancaq futbolda hər şey ola bilər. Avropa çempionatına vəsiqə qazanmağa çalışacağıq. Oyundan-oyuna düşünəcəyik. İlk oyunumuz Xorvatiyaya qarşıdır və Tanrının köməkliyi ilə Zaqrebdən yaxşı nəticəylə dönməyə çalışacağıq.
 
- Debüt üçün həyəcanlısınız?
- İnanılmaz dərəcədə həyəcanlıyam. Mənə bir il əvvəl Luka Modriç, İvan Rakitiç kimi futbolçularla oynamaq şansımın olduğunu söyləsəydilər, inanmazdım. Ancaq buna nail olmaq üçün çox çalışdım və millinin baş məşqçisinə bu komandanın bir parçası olmağı və oynamağı haqq etdiyimi sübut etmək üçün əlimdən gələni edəcəm.
 
- Formanı kiminlə dəyişdirmək istərdin?
- Luka Modriçlə. Ancaq bu, asan olmayacaq, çünki daha 15 futbolçu onun formasını arzulayır. Buna görə də asan olmayacaq. Ancaq Rakitiçin də forması yaxşı olar (gülür).
 
- Qeyd etdiniz ki, Azərbaycanda təklif alanda müsbət və mənfi cəhətlərə nəzər yetirmisiniz. Müsbətləri anladıq, mənfilər nədir?
- Əsas nüanslar mənim bütün həyatımda böyümüş olduğum fikir idi. Mən inanclı insanam. Hər gün tefillin taxırdım, mitsvanı oxuyurdum və mümkün qədər sinaqoqlara gedirdim. Birdən-birə İsraildən başqa ölkəni təmsil etmək çətin qərardır. Başqa ölkəni qəbyl etməyəcəyimə əmin idim. Ancaq Azərbaycanda özümü həqiqətən də evdəki kimi hiss edirəm. Xoş qarşılandım. Kim olduğuma və hardan gəldiyimə baxmadılar. Sizə onu deyə bilərəm ki, İsrail Azərbaycanda çox sevilir.
 
- İsraildə milliyə dəvət fürsətinin olmadığını hiss edirdiniz?
- Öncə dediyim kimi, millinin bir parçası olmaq şansını haqq etdiyimi düşnürdüm. “Hapoel Raanana”da digər oyunçular da buna daxil idi.
 
- Azərbaycanın İsrailə qarşı oynamaq ehtimalını düşündünüz?
- Gerçək budur ki, heç düşünmədim. Ancaq belə hal yaransa, düşünməyə zaman olacaq.
 
- Azərbaycan millisində çıxış etməyiniz üçün “Sumqayıt”ın prezidenti Riad Rəfiyev çox çalışdı. Ona borclu olduğunuzu hiss edirsiniz?
- Riad Rəfiyev öncə mənim prezidentimdir və inanılmaz insandır. Özünü necə idarə etməyi öyrənmək məcburiyyətində olan bir çoxlarına nümunəvi insandır. Onunla tanış olduğum üçün şadam, karyeramda önəmli oldu. Məni bura gətirmək üçün çox çalışdı. Bundan əlavə Azərbaycan pasportu almaq üçün də çox iş gördü. Çünki ilk gündən Azərbaycan millisinə kömək edə biləcəyimə inanırdı. Bundan əlavə, Riad Rəfiyevə yaxın olan digər idarəçimiz Zamiq Hüseynovdan da bəhs etmək istərdim. O, ola biləcəyimiz ən qızıl insandır. Buna görə də ona hər zaman təşəkkür edirəm.
 
- Millətlər Liqasının oyunları ərəfəsində milli komanda ilə bağlı qərar vermədiyinizi demişdiniz. Sonradan nə baş verdi?
- Düşünmək üçün zamanım var idi. Onu deyim ki, indi də son qərarımı verməmişəm. Bu qərar mənim üçün hələ də 100 faiz deyil. Edəcək bir şey yoxdur.
 
- Bəs qərar çətin deyil?
- Azərbaycan üçün oynamaq qərarını verdiyim an çətin olmayacaq. Qəribə olacaq, ancaq komandanın uğuru üçün 100 faizimi verəcəm.
 
- Azərbaycanın himnini öyrənmisiniz?
- Xeyr, şişirtməyin (gülür).
 
- Xeyli israillinin Azərbaycana qapısını aça bilərsiniz. “Sumqayıt”dakı komanda yoldaşın Əmir Ağayevə də Azərbaycan millisində oynamağı tövsiyə edirsiniz?
- Əmirin özü, ailəsi və karyerası üçün ən doğru qərarı verməsini istəyirəm. O, mükəmməl futbolçudur və dost kimi yanımda olmasından çox xoşbəxtəm. Onu bura gətirmək üçün çox çalışdıqlarını bilirəm. Ümid edirəm ki, onun üçün də belə alınar və burada uğurlu olar.
 
- “Sumqayıt” qış fasiləsindən sonra uğursuz çıxış edir.
- Doğrudur, fasilədən sonra uğursuz oyunlar sərgilədik. Liqanın ilk yarısını yaxşı tamamlamışdıq və kubokda “Neftçi”ni məğlub edib, yarımfinala vəsiqə qazanmışdıq. Son üç oyunda özümüzə gəlməyə başlayırıq və fasilədən sonra komandanın uğurlu çıxış edəcəyinə inanıram.
 
 
- Mövsümün sonunda planlarınız necədir?
- Planlarımız mövsümü yaxşı tamamlamaq və ölkə kubokunu Sumqayıta gətirməkdir. Növbəti mövsüm nə olacaq? Tanrı mükəmməldir. Agentim karyeramla məşğuldur və planlarla bağlı prezidentimizlə danışır. Mövsümün sonunda düzgün içlər olacağına və yeni mövsümdən harada olacağımı görəcəyik.
 
- İsrailə qayıtmaq planlarınız var?
- Gələn mövsüm harada olacağımı bilmirəm. Dəqiq olan odur ki, ailəm mənim qərarımla razılaşacaq.
 
- İsrail və Azərbaycan futbolunu müqayisə edə bilərsiniz?
- İsraildə 5-i böyük olmaqla, əsas liqasında 14 klub yaraşır. Azərbaycanda isə 8 klub var və onlardan 3-ü böyük hesab edilir. İsraildə daha çox texnikaya önəm verilir. Azərbaycanda isə texnika ilə yanaşı gücə də önəm verilir.
 
- Daha güclü liqada oynamaq planlarınız var? Gələcək hədəfləriniz nədir?
- Həqiqətən də gələcəyimlə bağlı nəsə bilmirəm. Hər şey ola bilər, futbolda bəlli nəsə yoxdur. Hədəfim hər zaman mümkün olan ən yüksək yerlərə çatmaq olub və belə davam edəcək.
 
- Azərbaycan yığmasında əsas futbolçu ola bilərsiniz?
- Burada çox yaxşı futbolçular var. Hamısı yüksə səviyyədədirlər. Baş məşqçi nə qərar versə, o da olacaq. Ancaq dəqiq bir şey var ki, oynasam, mənə olan güvənini haqlı çıxarmaq üçün əlimdən gələni edəcəm. Əgər oynamasam, heyətə düşmək üçün çalışmağa davam edəcəm. Belə qərarlar anlayışla qəbul edilir. Meydana yalnız 11 nəfər çıxa bilər.
 
- İsraildə bəyənilmədiyinizi düşünürsünüz? Bu, Azərbaycanla müqayisədə necədir?
- Nə qədər bəyənib-bəyənmədiklərini bilmirəm və bu, keçmişdə qalıb. Heç vecimə də deyil. Komandada özümü yaxşı hiss edirəm. 
 
- Azərbaycan millisinin formasında İsraili də təmsil etməyi düşünürsünüz?
- Əlbəttə, təmsil edəcəm, hamı bilir ki, həyatım boyunca İsraildə yaşamışam. Davranışım, sakit xarakterim və peşəkarlıqla hər kəsə İsrailin nə ifadə etdiyini göstərəcəm. Şübhəsiz ki, tək Azərbaycan millisini deyil, İsraili də təmsil edəcəm.

Xəbər xətti