Xorvatiyalı futbolçu: "Azərbaycan millisində ən təhlükəli oyunçu Mirabdulla Abbasovdur"

12:49 - 21 Mart 2019

"Neftçi"nin xorvatiyalı yarımmüdafiəçisi Qoran Paratski ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az "24sata.hr" saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Azərbaycanda Xorvatiyaya böyük hörmətin olduğunu deyib:

 

"Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçisi təyin ediləndə komanda yoldaşlarım məndən məlumat öyrənirdilər. Azərbaycanda Xorvatiyaya böyük hörmət var. Bütün qapılar Robert Prosineçkiyə görə açıldı. Çünki o, burada yaxşı iş görüb. Hər kəs onun barəsində xoş sözlər deyir və millinin onun rəhbərliyi altında yaxşı çıxış etdiyini söyləyirlər. Federasiyanın xorvatiyalı məşqçiyə yenidən güvənməsi bunun səbəbidir".

 

32 yaşlı futbolçu bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan matçı ilə bağlı fikirlərini bölüşüb. O, millimizin ən təhlükəli futbolçusu kimi Mirabdulla Abbasovu qələmə verib:

 

"Azərbaycan millisində ən təhlükəli futbolçu Mirabdulla Abbasovdur. Klubum "Neftçi"nin kapitanı Ruslan Abışov da çox təcrübəli müdafiəçidir, lakin uzun müddətdir zədə səbəbindən oynamır. Xorvatiyanın Azərbaycana 2:0 hesabı ilə qalib gələcəyini düşünürəm".

 

Paratski Azərbaycan Premyer Liqası barədə də danışıb: "Bakı hər şeyin olduğu gözəl şəhərdir. Buradan həqiqətən də zövq alıram. Premyer Liqa Xorvatiya çempionatından bir qədər zəifdir. Temp və rəqabətdə geri qalır".

Xəbər xətti