Samir Abasov Nikola Yurçeviçə Fofananı məsləhət gördü: "İsmayıl da Azərbaycan adıdır"

10:00 - 25 Mart 2019

"Zirə"nin baş məşqçisi Samir Abasov yoxlama matçında "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra Sportal.az saytına müsahibə verib. 41 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:
 
- Maraqlı və yaxşı oyun alındı. Hər iki hissədə fərqli heyətlə mübarizə apardıq. Əfsuslar olsun ki, 2-3 futbolçumuz zədəlidir. Amma uzun müddət oynamayan futbolçuları bu gün meydanda gördük. Rəqib də yaxşı və güclü komandadır. Düşündük ki, oynamayan uşaqların meydanda olmaları bizim üçün siqnal olar. Gələcək oyunlarda necə hazırlıqlı olmaları bu cür oyunlarda bilinir. Hamısından razı qaldım. İlk hissədəki futbolçuların çempionatda oynamaq şanslarının azaldığı elə bu matçda sezilirdi. Ümumi kollektivdən geri qaldılar. Ancaq pis deyil, hərəkətli oyun gördük.
 
- “Zirə” son turlar yüksəlişdədir. Növbəti turda rəqibiniz “Səbail” olacaq. Vacib qarşılaşma ilə bağlı düşüncələriniz necədir?
- Artıq 7 oyun qalıb, bu da çox deyil. Bu dövrədə xallar itirmək baha başa gələ bilər. Çox oyunumuz qalmayıb ki, xal itirsək, növbəti görüşləri düşünək. Bu da böyük problemlər yarada bilər. Ona görə də xal itirməyi düşünmürük. Uduzmaq istəmirik və uğurlu oyunları davam etdirmək niyyətindəyik. Düzdür, oyun çətin keçəcək. Rəqib 3-cü yerdə qərarlaşıb, həddindən artıq çətin olacaq. Baxmayaraq ki, “Səbail”i evdə qəbul edəcəyik. Son 7 oyun ölüm-dirim olacaq. Çalışcağıq ki, oyunlarda uduzmayaq.
 
- “Zirə”nin ilk dördlüyə düşmək şanslarını necə hesab edirsiniz?
- Belə şansımız var, itməyib. Uduzmadan getsək, inanıram ki, buna nail olacağıq.
 
- “Səbail” Maykl Essyeni transfer etdi. Sizin əlinizdə belə şans olsa, hansısa ulduz futbolçunu transfer etməyə çalışarsınız? Ümumiyyətlə, “Səbail”in bu addımına münasibətiniz necədir?
- Mən bunun tərəfdarıyam. Buna görə də “Səbail”ə təşəkkür etmək lazımdır. Futbolumuzu, çempionatımızı tanıtdırmaq baxımından yaxşı addımdır. 10 nəfər azarkeş gələcəksə, bu da “Səbail”in payına təşəkkür kimi yazılmalıdır. Klublarımzın imkanı düşdükcə belə addım atmaları doğrudur.
 
- Milli komandamızın AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu oyunla bağlı fikirləriniz necədir? 
- Bildiyimə görə, yığmadan əsas federasiya razı qalıb. Nəsə demək çox çətindir. Görünən odur ki, futbolçular bacardığını deməyək, bütün güclərini meydanda qoyurdular. Nazarovla Mahir Mədətovun işləmələri, müdafiəyə kömək etmələri, bu qədər çalışmaqları ürəkaçan idi. Onsuz da bilirdik ki, xorvatlara qarşı başqa cür oynaya bilmərik. Oyundan sonra futbolçuların müsahibələrini oxudum. Özləri inanırlar ki, yaxşı və düzgün yoldadılar. Əsas odur ki, buna inanırlar.
 
- Ancaq azarkeşlər Mədətovla Nazarovu daha çox tənqid edirdilər.
- Mən məşqçinin onlardan nə tələb etdiyini bilmirəm. Robert Prosineçki və Qurban Qurbanovun dönəmində futbolçulardan nə tələb olunduğu bəlli idi. Yurçeviçin ilk oyunu idi və onun istədiklərini demək çətindir. Burda rəqib də çox önəmli idi. Xorvatiya kimi komanda sən nə etmək istəsən də, müdafiədə oturmağa məcbur edəcək. Mahirlə Dimanın işgüzarlığını vurğulamaq istəyirəm, ironiya ilə adlarını çəkmədim. Müdafiəyə də kömək edirdilər və bu da onlara xas deyildi. Yəqin baş məşqçiyə özlərini göstərmək istəyirdilər. Yerlərini möhkəmlətmək üçün çalışırdılar və bu da yaxşı haldır. İroniya ilə fikir bildirmədim.
 
- Millimizin heyətində Xorvatiya ilə oyunda ən yaxşı kim idi?
- Çox çətin məsələdir kimisə vurğulamaq. Məncə, ən yaxşı Ramil Şeydayev idi.
 
- Nikola Yurçeviç Litva ilə oyundan öncə açıq məşq zamanı jurnalistlərə bildirdi ki, mənə futbolçu təklif edin, baxım. Bəs siz Yurçeviçə kimi təklif edə bilərsiniz?
- Mən ona İsmayıl Fofananı ("Zirə"nin kot-d-ivuarlı hücumçusu) təklif edirəm. İsmayıl da Azərbaycan adıdır.

Xəbər xətti