Litva millisinin baş məşqçisi: “Azərbaycan real qol şansı yarada bilmədi”

20:05 - 25 Mart 2019

Litva milli komandasının baş məşqçisi Valdas Urbonas yığmamızla keçirdikləri yoxlama görüşündən (0:0) sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 
Sportaı.az xəbər verir ki, 51 yaşlı mütəxəssis millimizin real qol şansı yaratmadığını deyib: 

 

- Mübarizəli oyun getdi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik.  Oyuna ciddi hazırlaşmışdıq. Daha çox müdafiə planında fəaliyyətimiz məni narahat edirdi. Ancaq rəqibin təzyiqinə tab gətirə bildik. Birinci hissədə yaxşı oynadıq, ikinci hissədə isə Azərbaycan yaxşı oyun sərgilədi. Ancaq rəqib komanda real qol şansı yarada bilmədi. Nəticə oyuna görə oldu. Ümumilikdə komandanın oyunundan razı qaldım. 

 

- Yəqin ki, razılığınız qol buraxmadığınıza görədir. 
- Azərbaycan güclü, texnikalı futbolçulardan təşkil olunub. Belə komanda ilə oyunda müdafiəyə diqqət yetirmək vacibdir. İlk hissədə pressinq sayəsində buna imkan verməməyə çalışdıq. Əlbəttə, biz də hücumlar qurmaq istəyirdik. 

 

- Bu görüşdən əvvəl Lüksemburqa məğlub olmuşdunuz. Sizcə, hansı komanda daha güclüdür?
- Bu iki oyunu müqayisə etmək istəmirəm. Biri rəsmi, biri yoxlama matçı idi. O qədər də uğurlu təqvim deyildi. Daha yaxşı olardı ki, əvvəlcə yoldaşlıq oyunu keçirərdik. Azərbaycan millisi Xorvatiyaya qarşı yaxşı oyun sərgiləmişdi. Həmin matçdan müdafiədən çıxış etdilər, bu gün isə topa yiyələndilər. Top səndə olanda daha çox yaradıcılıq olur. Bu oyunlardan qalibiyyətlə ayrılmaq istəyirdim. 

 

- Azərbaycan millisinin güclü tərəflərini dediniz, bəs zəif cəhətləri hansı idi?
- Mən gördüklərimi demişəm. Azərbaycan millisinin yaxşı futbolçuları var. Amma komandanın oyununu təhlil etmək düzgün olmaz. Bu gün bir daha əmin oldum ki, komandanın təcrübəli futbolçuları var. Qarşılaşma üçün Azərbaycan milli komandasına təşəkkür edirəm.

 

Xəbər xətti