"Qəbələ" ulduz futbolçu transfer edəcək? - "Hər an belə addım ola bilər"

12:02 - 26 Mart 2019

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib. 39 yaşlı mütəxəssis komandanın fasilə ərəfəsindəki hazırlığından danışıb:
 
- “Neftçi”ylə oyundan sonra istirahətə yollanmışdıq. Martın 20-dən hazırlıqlara başladıq. Futbolçularımız yaxşı istirahət etmişdilər. “Sumqayıt”la yoxlama oyunu keçirməklə fasilədəki planlarımızı həyata keçirdik. Ümumilikdə, futbolçulardan razı qaldım. Sürətli oyun oldu və istədiyimiz keyfiyyəti ala bildik. "Sabah"la oyunu düşünürük. Fasilədən maksimum yararlanmağa çalışdıq.
 
- Voislav Stankoviçin durumu nə yerdədir?
- Stankoviç fərdi məşqləri edir. Həkimlər onun komandamıza qoşulub-qoşulmayacağı barədə son rəyi verəcəklər. “Sabah”la oyunda meydana çıxıb-çıxmayacağı bəlli deyil. Ümid edirik ki, futbolçumuz geri qayıdar. Onu itiriməkdən də qorxuruq. Çünki elə bir yerdən zədəsi var ki, sağalmaq üzrədir və risk etmək istəmirik. Elvin Camalovla Rasim Ramaldanov da həkim nəzarətindən sonra komandaya qoşulacaq.
 
- Yaxın izləyiciniz “Sabah”dan 7 xal öndəsiniz və növbəti tur bu komanda ilə qarşılaşacaqsınız. Bu matçla bağlı fikirləriniz necədir?
- “Sabah” yaxşı komandadır. Oyuna ciddi hazırlaşırıq. Planlarımızı bu oyunla bağlı qurmuşduq. Artıq IV dövrənin oyunları gedir və son dərəcə diqqətli olmalıyıq. Səhv etmək istəmirik. “Sabah” ciddi rəqibdir və bu komandaya qarşı diqqətli olmalıyıq.
 
- Sona 7 tur qalıb. “Qəbələ”nin ilk üçlüyə düşmək şanslarını necə hesab edirsiniz?
- Sona qədər mübarizə aparacağıq. İstəyimizə nail olmaq üçün çalışırıq. Son 7 oyun bizim üçün final xarakteri daşıyacaq. Bütün rəqiblər də belə düşünür. Ona görə də bir an belə konsentrasiyanı itirmək olmaz. Futbolçularımız bunu yaxşı dərk edir. Var gücümüzlə çalışacağıq ki, istədiyimiz yerdə qərarlaşacaq.
 
- “Səbail” Maykl Essyeni transfer etdi. Sizin əlinizdə belə şans olsa, hansısa ulduz futbolçunu transfer etməyə çalışarsınız?
- Essyen adlı-sanlı futbolçudur. Azarkeşləri cəlb etmək üçün yaxşı addımdır. “Qəbələ”də də belə ola bilər. Komandamızda tanınmış futbolçular çıxış edib. Hər an belə addım ola bilər. Yayda bu barədə düşünmək olar.

Xəbər xətti