Qurban Qurbanov: "Bu hesab bizi aldatmamalıdır"

21:18 - 1 Aprel 2019

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis öncə qələbəni şərh edib:

 

- Futbolçular bu gün çox istəkli idi. Onları təbrik edirəm. İlk hissədə çətinlik çəkdik. Ancaq fasilədən sonra fərqli oldu. Buna baxmayaraq, hesab bizi aldatmamalıdır. Vacib oyunlarımız var.

 

- Finişə cəmi 6 tur qalıb. Komandanız çempionluğa hazırdı?

- Problemlər həmişə var. Hər şey düşündüyümüz kimi olsa, bizim üçün işləmək asan olar. Dəfələrlə demişəm ki, hər oyun bizim üçün çətin olacaq. Belə asan oyunlar mövsüm ərzində 1-2 dəfə olur. Futbolçularımız təcrübəlidir, çempion olmaq istəyirlər. Amma bu, futboldur, düşündüyümüz kimi olmaya bilər. Hər bir oyuna ciddi hazırlaşmalı, işimizi düzgün qurmalıyıq. İnşallah, çempion olacağıq. Olmasa, çalışırıq ki, idman prinsiplərinə əməl edək. İki komandadan biri çempion olmalıdır. Hər oyunda bu hisslə meydana çıxmırıq. 

 

- Çempionluğa görə kuboku qurban vermək fikrindəsiniz?

- Bizdə heç vaxt belə düşüncə olmayıb. Fərqli turnirlərdir. Əgər şansımız varsa, niyə də istifadə etməyək? Hər iki turnirin oyunları bizim üçün çox önəmlidir.

Xəbər xətti