Nikola Yurçeviç: "Yığma üzvlərini və digərlərini gözdən keçiririk"

“Azərbaycan Premyer Liqasında ötən 2 turun 5 oyununu stadiondan canlı izləmişəm”.

 

Sportal.az xəbər verir ki, bunu “Report”a Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib. 53 yaşlı mütəxəssis bildirib ki, XXII turun “Sumqayıt” – “Qarabağ”, “Keşlə” – “Neftçi” və “Zirə” – “Səbail”, eləcə də sonuncu həftənin “Sabah” – “Səbail” və “Neftçi” – “Zirə” matçlarına tribunadan baxıb: “Planlı şəkildə oyunları ilzəyirik. Yığma üzvlərini və digərlərini gözdən keçiririk. Yeni oyunçularla da maraqlanırıq. Həmçinin, ölkə xaricində çıxış edənləri diqqətdə saxlayırıq. Bütün futbolçularla bağlı davamlı şəkildə köməkçilərimlə birgə müzakirələr aparırıq". 

 

Hazırda vətəni Xorvatiyada olan Yurçeviç Bakıya nəzərdə tutduğundan 3 gün tez qayıdacağını açıqlayıb: "Ötən turun oyunlarından sonra Zaqrebə qayıtmışam. Bakıya aprelin 20-də dönməyi düşünürdüm. Lakin XXV turun qarşılaşmaları 18-19 apreldə keçiriləcəyindən, ayın 17-də gələcəyəm”.

 

Baş məşqçi deyib ki, yığma üzvləri ilə yanaşı, AÇ-2020-nin seçmə mərhələsində qarşılaşacaqları rəqibləri – Slovakiya və Macarıstan millilərinin də diqqətdə saxlayır.

 

Yurçeviç yığmanın növbəti təlim-məşq toplanışının yeri və tarixinin 2 həftədən sonra dəqiqləşəcəyini deyib. Onun fikrincə, millinin yoldaşlıq görüşündəki rəqibinin adı elə həmin vaxt bəlli olacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığmasını qəbul edəcək. Hər iki görüş "Bakcell Arena"da təşkil olunacaq.

Tarix: 11 Aprel [16:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio