MOİK-in baş məşqçisi: "Deyiblər ki, komandanı çempion edin, qalan məsələlər bizlikdir"

MOİK I Divizionda mövsümün ikinci yarısında keçirdiyi 9 oyunda maksimum nəticə göstərərək, liderliyi ələ aldı və Premyer Liqaya vəsiqəni təmin etdi. 

 

"Hərbçilər"in baş məşqçisi Azər Bağırov Sportal.az saytına müsahibəsində mövsümü dəyərləndirib və digər məsələlərə toxunub.

 

- Cari mövsümdəki çıxışınız barədə fikirləriniz necədir?

- Mövsümün əvvəlindən çətinliklər yaşadıq. Limitə görə oyunçu seçimində problemlər oldu. I Divizionla əvəzedicilər yarışının biləşdirilməsi manelər yaratdı. Gənc futbolçular I Divizion klubunda deyil, Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarında oynamaq istəyirdi. Futbolçu seçimində problemlər olurdu. Ancaq müəyyən qədər bunun da öhdəsindən gələ bildik. Mövsümün ilk yarısını 90 faiz eyni heyətlə oynadıq. Mövsümün ikinci yarısında isə rahatlaşdıq. Liderlər qrupunda olduğumuz üçün qışda yeni futbolçuları cəlb etmək rahat oldu. Etdiklərimiz diqqətdədir. İkinci dövrədə keçirdiyimiz 9 oyunun hamısında qalib gəldik. Bu, elə-belə iş deyil. Deməli, burada müsbət yöndə işlər görülür.

 

- Premyer Liqaya vəsiqəni təmin etmisiniz. Komanda yeni mövsümdən elitada oynayacaq? Rəhbərlik bu barədə nə deyir?

-  İlk gündən deyilib ki, komandanı çempion edin, qalan məsələlər bizlikdir. Biz də bacardığımız qədər sona 4 tur qalmış çempionluğu təmin etmək istəyirik. Baş məşqçi kimi üzərimə düşən iş komandanı oyuna çıxarmaq və müsbət nəticə əldə etməkdir. Qalan məsələlər isə mənim səlahiyyətimdə deyil. Mən də istərdim ki, MOİK Premyer Liqada çıxış etsin. Hər şey ola bilər. İnanıram ki, hər şey müsbət yöndə olacaq.

 

- Sona 4 tur qalmış çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?

- İki oyunda qalib gəlsək, 1-ci yeri tutmaq üçün kifayət edəcək. Bu, futboldur. Futbolçularda arxayınlaşma, boşalma hiss edilir. Bunu da aradan qaldırmaq üçün çalışırıq.

Tarix: 16 Aprel [11:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio