Aftandil Hacıyev: "Bir il futbolsuz qalan Essyeni istismar etmək istəmirik" MÜSAHİBƏ

20:29 - 18 Aprel 2019

Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edən "Səbail"in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis öncə qələbəni şərh edib:
 
- Çempionatın sonu yaxınalşdıqca oyunların marağı və həyəcanı daha da artır. “Neftçi” və “Sumqayıt”la oyunlar onu göstərdi ki, komandalar xal qazanmaq və meydanın hər qarışı uğrunda əllərindən gələni edir, mübarizə aparır. Bu gün meydanda hər iki komanda taktiki və mübarizə baxımından gözəl oyun nümayiş etdirdi. Azarkeşlər üçün də baxımlı oyun oldu. İlk hissədə oyuna yaxşı başlamadıq. Taktiki cəhətdən bəzi səhvlər etdik. “Sumqayıt” da bundan istifadə etdi. Rəqibimizin pressinq etməyi xoşlayan komanda olduğunu bilirdik. “Sumqayıt”da millinin indiki və sabiq üzvləri var. Oyunda dönüş yaratmaq üçün Yevgeni Koçuku ikinci hissədə döyüşə atdıq. Bilirdik ki, rəqib müdafiəyə daha çox müdafiəyə diqqət ayıracaq. Ona görə də hücumameyilli oyunçunu meydana daxil etdik. Neçə müddətd idi ki, belə maraqlı keçən ikinci hissə görmürdük. Düzdür, “Neftçi” ilə son matçımızda ikinci hissə maraqlı alınmışdı. Amma həm “Sumqayıt”. Həm “Səbail” tərəfdən xoş sözlərə layiq olan oyun oldu. Ot örtüyünün bizə mane olan tərəfi o idi ki, biz süni qazonda hazırlaşırıq. Futbolçularımız əziyyət çəkirlər. Üzücü xəbər odur ki, Kevin Kubembanın ciddi zədəsi var. Sabah tibbi müayinədən keçdikdən sonra daha dəqiq bilinəcək. İkinci hissəni aktivimizə yazmaq olar. İki qol vurduq və vacib 3 xal qazandıq.
 
- “Səbail” birinci hissədə küləyə qarşı oynasa da, komandanız daim hava ötürmələrinə üstünlük verirdi. Futbolçularınız 30 yaşa çatıb və onların xəbəri yoxdurki, hava küləkli olanda yerlə oynamaq lazımdır?
- Bu, sizin fikrinizdir ki, yerlə oynamaq lazım idi. Bilirdik ki, rəqib böyük qüvvə ilə pressinq edəcək. Xırda ötürmələr bizi ciddi səhvlərə gətirib çıxaracaqdı. Bu da baş verdi. Gördünüz ki, “Sumqayıt” bir neçə səhvimizdən sonra təhlükə yarada bildi. Hətta qolu da qapımıza ötürmə səhvindən vurdular. Hazır olmadığımız anda, Vüqardan Emil Martinova ötürülən top ələ keçirildi və qapımızda qol gördük. Sizdə qısa ötürmə ilə oynamaq istməməyimiz barədə fikrin formalaşmamasını istərdim. Oyunun gedişində nəzarəti ələ almaq istəyirdik. Rəqib ilk 20-25 dəqiqədə çox pressinq etdi. “Sumqayıt”ın statistikasına baxsaq, həmin dəqiqələrdə çox qol vururlar.
 
- Tome Kitanovskidən çəkdiniyiniz nədir? Bu gün komandanı adi vəziyyətdə azlıqda qoydu. Daha öncə Kitanovskiylə ciddi söhbət edəcəyinizi vurğulamışdınız.
- Gərək, futbolçular yeni qaydaları öyrənsinlər. Etiraf edirəm ki, biz də yeni qaydaların çoxundan xəbərimiz yoxdur. Rəqibə sarı vərəqəni əllə tələb etmək də cəzaya səbəbdir. Son vaxtlar bundan xəbərimiz oldu. Futbolçularda maariflənmə getməlidir. Hakimlərin yəqin ki, belə planı olar. Bu cür halların olmaması üçün, təzə qaydalardan xəbərimiz olmalıdır. Kitanovskidən razı qaldım. O an emosiyalar yüksək olur. İstəyirdi ki, rəqib cəzalansın. Ancaq əllə işarə verdiyi üçün sarı vərəqə ilə cəzalandı. Sözün düzü, həmin andan 2 dəqiqə əvvəl Kitanovskinin əvəzinə hücumameyilli futbolçunu meydana buraxmaq istəyirdim. Ancaq şükürlər olsun ki, bunu etmədim. Çünki Vüqarın zədələnməsindən sonra azlıqda mübarizə aparacağdıq.
 
- “Səbail” qol buraxana kimi sakit oynayır. Lakin qapınızdan qol buraxandan sonra komanda hücumlara atılır. Əgər komandanın potensialı varsa, nə üçün qol buraxmağı gözləyir?
- Deməzdim ki, hər dəfə belə hal baş verir. Elə oyunlar olub ki, ilk dəqiqələrdən üstünlüyə yiyələnmişik. Ancaq dediyiniz hal doğrudur. İlk hissədə buraxdığımız qollar daha çox olub. Yeni komandayıq və bunu nəzərə almalıyıq. Bu amilimiz müsbət dəyərləndirilməlidir. Əgər “Qarabağ” və “Neftçi”yə qarşı oynayırsınızsa, fərqli taktikadan da istifadə edə bilərsiniz.
 
- Rəqibi yorub, tempi artırmaq xüsusi tapşırıqdır?
- Bu gün planımız “Sumqayıt”ı topsuz qoymaq və irəliləyən dəqiqələrdə boşluqdan istifadə etmək idi. Bu da bizdə alındı. “Sumqayıt”ı təbrik edirəm. Gənc məşqçiləri, futbolçuları var. Son zamanlarda nəticələri yaxşı olmasa da, unutmayaq ki, “Neftçi”ni ölkə kubokundan kənarlaşdırıblar. Onlara kubokda uğurlar arzu edirəm.
 
- Bir çox hallarda uduzan komandanın baş məşqçisinə daha çox sual verilir. Ancaq bu gün “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova 2-3 sual verilsə də, si “atəş”ə tutulmusunuz. Bu, nədən qaynaqlana bilər?
- Yəqin ki, “Səbail” sizə maraqlı gəlib. Mənim üçün problem deyil. Bildiklərimi media mənsubları ilə paylaşmaq xoş haldır.
 
- "Səbail" avrokubokların astanasındadır.
- Avrokuboklar barədə düşünmək tezdir. Bu fikirləri yaxın buraxa bilmirik. “Qəbələ” sabah “Zirə”ni məğlub etsə, xal fərqi 2 qalacaq. Növbəti oyunumuz da məhz “Qəbələ” ilədir.
 
- Maykl Essyen bu gün oynamadı. Səbəb nə idi?
- Çox istəyirik ki, getdiyimiz hər səfər oyununda Essyeni meydana buraxaq ki, yerli azarkeşlər onu görsün. Ancaq bizi də başa düşmək lazımdır. Bu gərgin mübarizədə bir il futbol oynamayan Essyeni istismar etmək istəmirik. Həm zədələnə bilər, səhvlə yadda qalar və yaxud başqa şey baş verər. Adına ləkə gəlməsini istəmirəm. Essyenin müqaviləsi var. Qarşıda ondan faydalanacağıq.

Xəbər xətti