Zaur Axundov: "Özümüz də çıxış yolu görmürük" MÜSAHİBƏ

22:33 - 18 Aprel 2019

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Premyer Liqanın 25-ci turunda "Qarabağ"a uduzduqları oyundan sonra jurnalistlərə müshaibə verib.
 
Sportal.az xəbər verir ki, Axundov "Keşlə"nin ikinci hissədəki oyunundan kəskin şəkildə narazı qaldığını deyib: 
 
- Nəticəni sürpriz saymaq olmaz. İkinci hissədə komandanın oyunu sıfır idi. Birinci hissədə hərəkət var idi. Fasilədən sonra komanda dayandı. Bununla da bağlı söhbətimiz olacaq. Həm də “Qarabağ”ın səviyyəsi göz önündədir.
 
- “Keşlə”nin bu vəziyyətdən necə çıxarmaq olar? Heyətdə legionerlər var. Desək ki, futbolçu yoxdur, düz çıxmaz. Bu komandada nə oyun var, nə də nəticə.
- Sizin dediyinizlə tamamilə razıyam. Bilmirəm, bunun üzərində çalışırıq. Futbolçuların baza və maaş problemi yoxdur. Səbəb yoxdur. Çatışmayan və yubanan nəsə yoxdur. Artıqlaması ilə hər şey var. Qara zolaqdır, futbolçular inamı itiriblər. Özümüz də çıxış yolu görmürük.
 
- Futbolçular sizinlə söhbətdə səbəb nə deyirlər?
- Səbəb demirlər. Deyirlər ki, dəyişiklik olacaq. Amma birinci hissədə nəsə oynayırlar, lakin fasilədən sonra o komandada nə baş verdiyini nə mən, nə də başqası tapa bilmir.
 
- Bəlkə futbolçular komandanın Premyer Liqada qalacağını düşünüb, arxayınlaşıblar? Sona 3 tur qalmış nəyə ümid edirsiniz?
- 3 tur qalıb, futboldur da. Maksimum xal qazanmaq lazımdır. Bu oyunun araşdırması olacaq, görüşəcəyik. Komandadan kənarda qalmıram, bazada oluram, məşqlərdə iştirak edirəm. İclas da keçiririk, toplaşırıq. Sonuncu yerdəyik. Bu da kluba yaraşan yer deyil. Futboldur, amma istəməzdik belə olsun. Mən və baş məşqçi var gücümüzü qoyub komandanı bu böhrandan çıxarmalıyıq.
 
- Növbəti mövsüm çempionatda 10 klub yarışa bilər? “Keşlə”nin Premyer Liqada qalma ehtimalı var?
- Bu dəqiqə fikrim o mövzuda deyil. Futzalda belə şeyə öyrəşməmişdim. Ötən il Azərbaycan kubokunu əldə edən komandayıq. Mən bunu böhran adlandırardım. Bəzi oyunlarda bəxtimiz də gətirmədi. Fikrimiz son pillədən qurtulmaqdır.
 
- Komanda sonuncu olsa, nə dəyişikliklər olacaq?
- Əvvəlcədən proqnoz vermirəm. Çempionatdan sonra müəyyən qərarlar olacaq. Təbii ki, dəyişikliklər olacaq. Baş məşqçi və məşqçilərlə söhbətimiz olacaq. Bu dəqiqə fikrimiz son 3 oyunda maksimum xal toplamaqdır.
 
- Futzalda nəticələr qazanmış adamsınız. “Keşlə”dəki böhran sizi futboldan iyrəndirmir?
- Xeyr. Təbii ki, mənə ağır gəlir. 10 ildən çoxdur futzaldayam. “Araz” və milli komandada nəticələrə öyrəşmişik. Futboldur, həmişə uda bilmərsən, məğlubiyyət də var. Ancaq məğlubiyyət var ki, mübarizə göstərib uduzursan. Paltardəyişmə otağında da futbolçulara bunu dedim. “Qarabağ”dır, çempionluğa oynayan komandadır. İkinci hissədə futbolçularda əzmkarlıq, xarakter görmədim. Uduzmaqdan daha çox bu təsir etdi.

Xəbər xətti