İtaliya klubunun futbolçusu: "Qarabağ"la oyunda mənə deyilənləri unutmayacağam"

12:17 - 25 Aprel 2019

İtaliyanın "Fiorentina" klubunun futbolçusu Federiko Kyeza 2016-cı ildə Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"a qarşı keçirdikləri görüşü xatırlayıb. 

 

Sportal.az xəbər verir ki, 21 yaşlı hücumçu həmin il dekabrın 8-də Bakıda keçirilmiş qarşılaşmada həm də qırmızı vərəqə aldığını diqqətə çatdırıb. O, oyundan sonra baş məşqçi Paulo Souzanın ona unudulmaz məsləhət verdiyini söyləyib: "İlk qolumu Bakıda "Qarabağ"la oyunda vurdum və qoldan bir neçə dəqiqə sonra isə meydandan qovuldum. Meydandan çıxanda baş məşqçimiz mənə dedi ki, futbol ürəklə olduğu qədər ağılla da oynanılır. Bu məsləhət həmişə yaddaşımda qalacaq".

 

İtaliyalı hücumçu portuqaliyalı mütəxəssisin sözlərini yadda saxlamasına rəğmən, eyni halı yenidən təkrarladığını bildirib: "Həmin mövsüm "Peskara" ilə oyunumuzda yenə analoji səhvə yol verdim. 38 dəqiqə ərzində iki sarı vərəqə alaraq, qovuldum. Meydanı tərk edərkən baş məşqçimiz mənə hələ də heç nə anlamadığımı dedi. Bu sözdən sonra başa düşdüm ki, oyunda arzu, istəkdən də vacib ağılla oynamağı bacarmaqdır". 

 

Qeyd edək ki, Kyeza "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri matçın 76-cı dəqiqəsində komandasının qələbə qolunu vurub. Amma o, 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Xəbər xətti