Emil Balayev "Astana" ilə oyundan danışdı: "Uduzmağa layiq deyildik"

14:24 - 29 Aprel 2019

Qazaxıstan Premyer Liqasının 8-ci turunda səfərdə "Astana"ya 1:2 hesabı ilə uduzan "Tobol"un azərbaycanlı qapıçısı Emil Balayev klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı əlcək sahibi məğlubiyyətə layiq olmadıqlarını deyib:

 

"Belə oyunda uduzmaq çox üzücü oldu. Uşaqlar bütün güclərini ortaya qoydu. Hər birimiz qalib gəlmək istəyirdik. Azarkeşlərimizin nə istədiyini bilirdik. Məncə, bu oyunda uduzmağa layiq deyildik. Bizi hər zaman dəstəkləyən azarkeşlərə xəyal qırıqlığı yaşatmaq utancverici oldu. Gözəl oynadıq, ancaq nəticə ürəyimizdə olmadı. Müsbət nəticələr üçün səhvlərimizin üzərində çalışmalıyıq".

 

Azərbaycan millisinin üzvü "Tobol"un heyətində bütün oyunlarda qapını qoruyub. "Tobol" 7 oyundan sonra 16 xalla 2-dir. Lider "Astana"nın 22 xalı var.

Xəbər xətti