"CBC Sport" eyni saatda başlayacaq iki oyunu necə yayımlayacaq? - AÇIQLAMA

17:38 - 29 Aprel 2019

Topaz Premyer Liqasının XXVII turunda baş tutacaq "Qəbələ" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları eyni saatda başlayacaq. Əlbəttə, burda qəribə heç nə yoxdu. Çempionluq uğrunda mübarizə aparan hər iki komandanın oyunlarının eyni saatda baş tutması, söz yox ki, həyəcanı yüksək səviyyədə saxlayacaq, eyni zamanda bütün diqqətləri bu oyunlara yönəldəcək. Ancaq qəribə olan odu ki, "CBC Sport" hər iki matçı canlı yayımlayacaq. İndi ortaya suallar çıxır:  Bu necə olacaq və nə üçün telekanal belə addım atır? 

 

Hər halda bu suallara telekanal rəhbərliyi cavab verə bilər ki, biz də baş redaktor Şəmsəddin Abbasovu aradıq. Şəmsəddin bəy açıqlamasında məsələyə belə aydınlıq gətirdi: "Bunu canlı yayımda iki oyuna keçməklə verəcəyik. Hər iki oyunun maraqlı epizodlarını saxlamaq şərtilə. Çalışacağıq bu şəkildə təqdim edək".

 

"Oyunlardan birinin siqnalını başqa telekanala ötürmək olmazmı?" sualına Şəmsəddin bəy belə cavab verdi: "Xeyr, olmaz. Başqa hansı kanala ötürək? Siz öz eksklüziv xəbərinizi kiməsə ötürəsiz? Nə vaxtsa ötürmüsüz? Elə insan var ki, hansısa eksklüziv xəbəri tam şəkildə oxumaq istəyir. Amma iki cümlə ilə başlıq kimi verirsən ki, ilk dəfə məndə yayımlanıb. Çünki sən əziyyət çəkmisən, axtarmısan. Bu da jurnalistikanın qaydalarıdı. Nəyə görə öz məhsulumuzu kiminləsə bölüşməliyik? Əsas odu hər iki oyundan görüntülər olacaq. Baş verənləri izləyəcəklər". (Sport7.az)

Xəbər xətti