Balakişi, Səmədov və... Medvedev YAZI

15:42 - 30 Aprel 2019

Zövqlər müxtəlifdi. Amma bu zövq Üzeyir Hacıbəyovun musiqisini yox, Üzeyir Mehdizadəni, Azər Zeynalovun, Elçin Əzizovun, Flora Kərimovanın, Fidan Hacıyevanın səsini yox, yenə həmin Üzeyirin, Damlanın səsini, narkomaniyanı təbliğ edən meyxanaları seçirsə, bu artıq müxtəliflik deyil, mənəvi tənəzzülün ağır formasıdı. Sosial şəbəkələrdə də belə meyxanalar, bəzi gerizəka məxluqların “rus sektorunda oxuyan məktəb qızları barlara gedir” tipli sərsəmləmələri gündəmdədi. Yəqin ki, hamısı tələbatdan irəli gəlir.

 

Məsələn, bir neçə gün əvvəl həmin rus bölməsini bitirmiş azərbaycanlılardan ibarət komanda “Kim, harada, nə vaxt?” intellektual oyununda mövsüm finalını uddu. Bütün Rusiya, bütün postsovet məkanı, bütün dünyadakı rusdilli teleauditoriya “Pervıy kanal” vasitəsilə bu dramatik oyunu izləmək şansına malik idi. Həmyerlilərimizin qələbəsini milyonlarla adam gördü. Azərbaycanlıların “bazar alverçisi” imicini dağıtmaq üçün bundan gözəl vasitə ola bilər?! Deməli, Azərbaycandakı rus bölməsi ağıllı, həm də çox ağıllı, ölkədəki kütləvi savadsızlıq və geridəqalmışlığı nəzərə alsaq, hətta dahi deyə biləcəyimiz şəxsiyyətlər yetişdirir. Balaş Qasımovun komandasının qələbəsi sosial şəbəkələrdə kazbek (kaş söhbət dağdan və ya skripkaçıdan gedəydi...) haqda meyxana kimi gündəm olmadı. Çünki kütlənin səviyyəsinin üstündə bir olay idi bu. Sağ olsun cənab Prezident, Balakişi Qasımova və Elman Talıbova verdiyi “Tərəqqi” medalı ilə bu qələbənin əhəmiyyətini, eyni zamanda Azərbaycanın adını yüksəldən insanlarımızı necə dəyərləndirdiyini göstərdi.

 

Təəssüf ki, Azərbaycanın qürur duyulacaq övladları lazımınca tanınmır, bir çox hallarda isə yamanlanır, ləkələnir, qəbul olunmur. Məsələn, illərdi insanlarımızın zövqünü korlamaqla mədəni tənəzzüldə əsas səbəbkarlardan olan televiziyamıza yeni keyfiyyət standartı gətirən və TV-dəki fəaliyyətinə görə haqlı yerə kütləvi tərif eşidən elə həmin Balaş Qasımov, bununla belə, çox güman, kazbeki xitə çevirən meyxanaçılardan daha populyar deyil...

 

Amma mövsüm finalında verdiyi dəqiq qərarlarla, 1:4 uduzulan məqamda suala müzakirəsiz doğru cavabı ilə, daha sonra 2:5-də - məğlubiyyətdən cəmi bir sual geridə olanda - ardıcıl müxtəlif düzgün cavab müəlliflərini seçməklə (hamısı komandanın ayrı-ayrı üzvləri idi) və hər addımı ilə əsl kapitanlıq, liderlik ortaya qoyan Balakişi Qasımov televiziya rəhbəri kimi gördüyü işlərlə də “istedadlı adam hər sahədə istedadlıdı” deyimini tam doğruldur. Yeri gəlmişkən, Balakişi müəllimin futbolunu görənlər bir çox peşəkar futbolçularımızdan qat-qat gözəl oyun sərgilədiyini deyir.

 

Düzdü, futbolçularımıza peşəkar deməyə adamın dili gəlmir. Amma müstəqillik dövründə bircə normal futbolçu yetişdirə bilməyən ölkə kənarda günahkar tapıb və bu “günahkar” əsl peşəkardı. Ümumiyyətlə, biz özümüzdə səhv axtarmağı sevmirik. Özümüzdən başqa hamı günahkardı, səhvdi və s.

 

Moskvada çox yüksək səviyyədə təşkil olunan Avroliqa finalının Kubok Turu haqda mənfi fikirlər səslənir. Tam nahaq yerə. Tədbirin təşkili də, məkanı da əla idi. Avropanın ən böyük alış-veriş mərkəzi “Aviapark”da insanlar Bakı finalında sahibini tapacaq kuboku, Rusiya futbolunun ulduzları Andrey Arşavin və Aleksandr Səmədovu görmək, şəkil çəkdirmək, söhbətləşmək imkanı qazanmışdı. İlk Rusiya çempionatının bombardiri, İspaniya çempionatının bürünc medalçısı olan Vəli Qasımov da öz yerində. Amma biz mütləq bir mənfi məqam tapmalıyıq.

 

Bu mənfi məqam isə Saşanın Rusiya millisini seçməsidi. Açıq etiraf etməliyik ki, Səmədovun bu qərarı çox doğru idi. 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında, əfsanəvi “Marakana”da keçirilən Belçika - Rusiya oyununda Səmədovu izləyərkən bir azərbaycanlı kimi qürur duydum. Təbii ki, Səmədov Azərbaycan millisini seçsə, nə dünya, nə də qitə çempionatının final mərhələsində oynaya biləcəkdi. Necə ki Ramil Şeydayevlə Emin Mahmudov gənc yaşlarında özlərini bu imkandan məhrum etdilər (Rusiyada böyümüş hər üç futbolçu insan kimi də çox mədəni və qabiliyyətlidi). Amma Səmədov da elə bir gənclik səhvi buraxmağa çox yaxın idi. Yaxşı ki, o zaman yığmanın futbolçuları və məşqçiləri rəhmətlik Fuad Musayevin gətirdiyi gənc istedadı isti qarşılamamışdı və o küsüb getmişdi. Çox güman, Səmədov indi həmin adamlara minnətdardı. Azərbaycanı seçsəydi, onun karyerası bu qədər uğurlu alınmaya bilərdi. İndi isə onun hər şeyi var. Uğurlu karyerası, xoşbəxt ailəsi, Moskvanın Sokolniki rayonunda “Siren” adlanan gözəl restoranı və s. Restoranı ona görə dedim ki, hazırda klubu ilə babat müqaviləsi olan Saşanın hətta futbolçu karyerasını bitirsə belə, Azərbaycana hər hansı maddi ehtiyacı yoxdu və onun qəlbində ölkəmizə zərrəcə antipatiya olsaydı, təbii ki, Bakıdakı Avroliqa finalının səfiri olmaqdan boyun qaçırardı.

 

Saşanın rəhmətlik atası Sergey Mixayloviç Azərbaycanı və Gəncəni ölənəcən sevən, son günlərinəcən azərbaycanlı və gəncəli dostlarının əhatəsində keçirən çox yaxşı insan olub. Saşanın anası, həyat yoldaşı, yeddi arxadan dönənləri rusdu. Özü Rusiyada doğulub və ömrüboyu burda yaşayıb. Bu adam niyə Rusiya millisini seçməməliydi? Niyə hansısa həyati doğru addımı və səmimi etirafı xəyanət kimi qəbul olunur?

 

Saşadan fərqli Maksim Medvedevin nə atası, nə də anası azərbaycanlıdı. Amma nədənsə heç kim onu Rusiyaya xəyanətdə ittiham etmir...

 

Bəli, Maksim Rusiya millisinə lazım deyildi, amma Saşa onda da, indi də Azərbaycana lazımdı! Səmədov kimi Azərbaycan əsilli tanınmışlar çox azdı. Belə insanlara dəyər verməli, ölkəmizin imici üçün hər zaman yararlanmalıyıq.

 

Anar ŞABANOĞLU

 

P.S. Kaş futbolumuza da Balakişi Qasımov kimi savadlı, bacarıqlı və uğurlu kadrlar rəhbərlik edə...

Xəbər xətti