Rakitiç: "Liverpul"un hücum xəttinə qarşı müdafiə etmək çətin olacaq"

15:36 - 1 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Liverpul"u qəbul edəcək "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, Xorvatiya millisinin üzvü matça hazır olduqlarını deyib: "Özümüzü yaxşı hiss edirik. Mənim üçün vacib olan azarkeşlərin isti münasibətidir. Bunu onlardan hiss edirəm. Olduqca təmkinliyəm və hər keçən gün klubda xoşbəxt oluram. Bizim "Barselona"dan başqa gedəcəyimiz daha yaxşı yer yoxdur. Hər komandanın özünə görə oyun sistemi var. İngiltərə Premyer Liqası ilə İspaniya La Liqasını müqayisə etmək olmaz".

 

Rakitiç "Liverpul"un baş məşqçisi Yurgen Kloppla bağlı bunları söyləyib: "Kloppa çox böyük hörmətim var. Hər zaman komandasını hazır vəziyyətə gətirir. Məhəmməd Salah və komanda yoldaşlarının nə qədər güclü olduğunu deməyə ehtiyac yoxdur. "Liverpul"un hücum xəttinə qarşı müdafiə olunmaq çətin olacaq, ancaq hamısını dayandıra biləcəyimiz planlaşdırıram. Möhtəşəm oynayacağıq".

 

31 yaşlı yarımmüdafiəçi karyerasının ən yaxşı dönəmlərində olduğunu sözlərinə əlavə edib: "Özümü həmişəkindən daha yaxşı hiss edirəm. Karyeramın ən mükəmməl dönəmlərindəyəm. Dünya çempionatındakı uğurlu çıxış bu mövsüm mənə çox yardım etdi. Komanda yoldaşlarımın, məşqçilərin və azarkeşlərin dəstəyini hiss edirəm. Çalışmağa davam edəcəm".

Xəbər xətti