Vurğun Hüseynov: "Çoxları bizə inanmırdı" MÜSAHİBƏ

13:54 - 2 May 2019

“Sumqayıt” Azərbaycan kubokunun yarımfinal mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə finala yüksəldi.
 
“Gənclik şəhəri” təmsilçisinin kapitanı Vurğun Hüseynov Sportal.az saytına müsahibəsində bir sıra məqamlara toxunub.
 
- Finala çıxmaq hissini bölüşərdiniz.
- Həqiqətən də sözlə ifadə edilməyəcək hisslərdir. Çox sevincliyik. İlk dəfə kubokun finalına yüksəldik. Yaxşı komandamız var, sona qədər mübarizə apardıq, məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməyə çalışdıq. “Zirə” də əla komandadır, gözəl mübarizə oldu. Final bir oyundan ibarət olacaq. Çalışacağıq ki, kuboku əldə edək.
 
- “Zirə” 3-cü qolu vurandan sonra düşünmürdün ki, bir qol buraxıb finalı qaçıracaqsınız.
- Oyun çox həyəcanlı keçdi. Belə hisslər istər-istəməz yaranır. Şükürlər olsun ki, finala yüksələ bildik.
 
- “Sumqayıt”ın çempionatda işləri niyə alınmadı?
- Bəzi oyunlarda bəxtimiz gətirmədi. Qış fasiləsindən sonra uğursuluğa düşdük. Bəzən elə olurdu ki, çoxlu qol şanslarını əldən verirdik, rəqib 1-2 hücuma qol vurub, qalib gəlirdi. Son oyunlarda öz oyunumuzu tapmışıq. Futbolda uğursuz dönəmlər də olur. Fikrimcə, bunu geridə qoyduq. Premyer Liqada 2 tur qalıb və həmin görüşlərə köklənib, yaxşı nəticə qazanmalıyıq.
 
- Bir çoxları “Sumqayıt”ın finala yüksələcəyini təxmin etmirdi.
- Bəli, çoxları bizə inanmırdı. Ancaq biz mehriban kollektivik. Ayxan Abbasov yaxşı komanda formalaşdırıb. Rəhbərlik də bizə diqqət göstərir. Azarkeşlər də komandaya inanırdı. İnanmasalar da, özümüzə güvənirdik. Mübarizə apardıq, çəkinmədik, finala yüksəldik.
 
- Çempionatda “Sumqayıt”ın işləri qaydasında getməsə də, finala vəsiqə qazandınız. Necə motivasiya oldunuz?
- Burada baş məşqçinin əməyi danılmazdır. Komandanı yaxşı hazırladı, bizə güvən verdi. Yerli futbolçulardan ibarət kollektivik, mehribanlıq var. Əsas da budur. Komanda daxilində mehribanlıq, birlik, qələbə ruhu olmalıdır. Hamımız bir-birimizə hörmət edirik. Belə ab-havada nəticə olmalı idi.
 
- Finalda rəqibiniz “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Qəbələ” olacaq. Sizin üçün münasib saymaq olar?
- Final bir oyundan ibarət olur. Finalda rəqbin kimliyindən asılı olmayaraq, fərqli oyun olur. Bu oyunda çətin olur. Kim daha çox istəsə, mübarizə aparsa, o da qalib olacaq.
 
- Zədəniz nə yerdədir?
- Bağlarımda bir az dartılma var. Düşünürəm ki, bir həftə oynamayacam. Finala hazır olacam.
 
- Finalın Naxçıvavanda keçirilməsi barədə fikirləriniz necədir?
- Hər iki komanda üçün eyni şərait olacaq. Futbolçuların işi meydana çıxmaq və oynamaqdır. Biz də öz işimizi görəcəyik.

Xəbər xətti