Futbolumuzun “Sabah”ı və fəaliyyətsiz “Sumqayıt” YAZI

18:35 - 3 May 2019

AFFA-nın təşkil etdiyi uşaq liqalarında mövsüm yekunlaşır. Artıq 9 liqanın hamısında qaliblər bəllidi.
 
Premyer Liqanın 8 klubundan 7-nin qaliblər siyahısında adı var. Onlardan beşinin hansısa yarışda qızıl medal alması xüsusi vurğulanmalıdı.
 
“Qəbələ” ötən mövsümlərlə müqayisədə geriləyib. Bölgə klubu həm liderliyi əldən verib, həm də ümumiyyətlə, mükafat sayında aşkar favorit deyil. Düzdü, uşaq liqalarında nəticə, medal ən vacib amil deyil, lakin yenə də klub geriləmənin səbəbini araşdırmalıdı.
 
Səbəb rəqiblərin güclənməsidisə, bu, ölkə futbolu adına müsbət məqamdı. Qalib kim olursa olsun, əsas odur, həqiqətən də klublar uşaq futboluna diqqət etsin, yeni istedadlar yetişdirsin.
 
Bu mövsüm lderliyi ələ alan “Sabah”ı alqışlamalıyıq. Premyer Liqanın debütantı həqiqətən futbolun sabahı olmaq yolunda önəmli işlər görür. Təkcə əsas komandanı deyil, yeni nəsli də düşünən paytaxt klubu 3 liqada qalib olaraq, mütləq liderdi. 6 liqada mükafatçı olmaq isə kompleks iş görüldüyünün göstəricisidi.
 
Eyni sözləri “Neftçi” və “Qəbələ” haqda da demək olar. 6 müxtəlif liqada mükafatçı olan bu komandalar hər medaldan ikisinə sahib olub.
 
Premyer Liqanın lideri “Qarabağ” və autsayderi “Keşlə” hər medaldan birini hesabına yazdırıb. Ağdamlıların əsas komandası elitada illərdi hegemonluq edir, artıq yeni nəslə də diqqət yetirmək, nəticələri yaxşılaşdırmaq, legioner asılılığından qurtulmaq üçün daha yaxşı çalışmaq vacibdi. U-13 liqasında qalib olan komandaya böyük ümid bəslənilir. 2006-cı il təvəllüdlülərdən qurulan bu komanda əvvəlki mövsümlərdə də medal qazanıb və ildən-ilə əyarı yaxşılaşdırıblar. “Keşlə” isə əsas komandada əldə edə bilmədiyi uğuru heç olmasa, uşaq futbolunda göstərməli, daha yaxşı olmalıdılar.
 
“Zirə” və “Səbail”in cəmi 1 bürünclə kifayətlənməsi yaxşı hal deyil. Bu klubların kifayət qədər yaxşı büdcəsi var, xüsusilə “Səbail” yaradılarkən əsas məqsədin yeni nəslin hazırlanmasına, inkişafına töhfə vermək olduğu bildirilirdi. Premyer Liqanın legioner sayında liderlərindən olan bu komandaların uşaq futboluna diqqət göstərməsi pis olmazdı. Görünür, başları futbolçu yetişdirməyə yox, büdcəni dağıtmağa, nəticə göstərməyə qarışıb.
 
Yalnız uşaq futboluna diqqət göstərən “Binə”nin siyahıda olmağı xoşdu. Əvəzində “Sumqayıt”ın heç bir komandasının mükafatçılar siyahısına düşməməsi təəssüf doğurur. Tovuz, Gəncə kimi daim yetirmələri ilə seçilən bu şəhər də indi uşaq futbolunu unudub. Daim əcnəbiləri milliləşdirmək strategiyasının nəticəsi belə də olmalı idi.
 
Mövsümün bütün qalibləri
U-10: Sabah, Neftçi, Qarabağ
U-11: Keşlə, Sabah, Zirə
U-12: Neftçi, Qarabağ, Qəbələ
U-13: Qarabağ, Neftçi, Səbail
U-14: Sabah, Binə, Qəbələ
U-15: Neftçi, Qəbələ, Sabah
U-16: Qəbələ, Sabah, Keşlə
U-17: Sabah, Qəbələ, Neftçi
Gənclər Liqası: Qəbələ, Keşlə, Neftçi
 
Klubların medal sayı
                                1-ci yer 2-ci yer 3-ci yer medal sayı

Sabah                         3             2             1             6
Neftçi                          2             2             2             6
Qəbələ                        2             2             2             6
Qarabağ                      1             1             1             3
Keşlə                          1             1             1             3
Binə                            0             1             0             1
Zirə                             0             0             1             1
Səbail                          0             0             1             1

 

Futbolinfo.az

 

Xəbər xətti