Medalçılar və 3 avrokubok iştirakçısı müəyyənləşdi

20:00 - 5 May 2019

Azərbaycan Premyer Liqasının 2018/19 mövsümünün mükafatçıları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, XXVII turun bu gün keçirilən “Qarabağ” – “Səbail” (4:0) və “Qəbələ” – “Neftçi” (1:3) oyunlarından sonra həm qızıl, həm gümüş, həm də bürünc mükafatçı dəqiqləşdi.

 

Ardıcıl 6-cı, ümumilikdə 7-ci çempionluq

 

Xal hesabını 63-ə çatdıran Ağdamın “Qarabağ” klubu bu qələbədən sonra izləyiciləri üçün əlçatmaz oldu. Bununla da Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə Azərbaycan çempionu adını qazandı.

 

17-ci mükafat

 

Hesabında 58 xal olan “Neftçi” qızıl medalı şansını itirməklə gümüş mükafatı rəsmiləşdirdi. Tarixində 3-cü dəfə çempionatı 2-ci pillədə bitirən paytaxt klubu 17-ci dəfə mükafatçılar sırasına düşdü. Hesabında 8 qızıl, 3 gümüş və 6 bürünc olan “ağ-qaralar” bu göstəricidə öz rekordunu yenilədi.

 

17-ci mükafatçı

 

“Səbail” məğlub olsa da, 41 xalla bürünc medalı təmin etdi. Tarixində ilk dəfə mükafatçılar sırasında yer alan paytaxt klubu Azərbaycan çempionatları tarixində medal qazanan 17-ci komanda oldu. Əvvəlki turnirlərdə 16 komanda “üçlüy”ə düşmüşdü.

 

19-cu Avropa yolçusu

 

Bu nəticələrdən sonra “Qarabağ”ın UEFA Çempionlar Liqası, “Neftçi” və “Səbail”in UEFA Avropa Liqasında oynayacağı dəqiqləşdi. Tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək “Səbail” Azərbaycanın qitəmiqyaslı turnirlərdə 19-cu təmsilçisi olacaq. Bunadək 18 klubumuz Avropada çıxış edib.

Xəbər xətti